“ÖMRÜN MƏTBUATDA KEÇƏN 50 İLİ”
İllərin qovuşuğunda “Yeni Tərtər” qəzeti redaksiyasında maraqlı bir tədbir keçirildi. Bu tədbir məzmun etibarı ilə əvvəlkilərdən bir qədər fərqlənirdi. Buraya kollektivə doğma olan insanlar dəvət olunmuşdular.
“Yeni Tərtər” qəzetinin baş redaktorunun müavini Svetlana Bağırovanın çapdan çıxmış “Ömrün mətbuatda keçən 50 ili” kitabının təqdimatı keçirildi. Kitabda olduğu kimi, tədbirdə də ön sözü həm “Yeni Tərtər” qəzetinin, həm də kitabın redaktoru, şair–publisist Tofiq Yusif söylədi. O, Svetlananın ilk tərtərli qadın jurnalist kimi fəaliyyətindən, ailədəki və cəmiyyətdəki rolundan, istedadlı qələm sahibi olduğundan ətraflı söhbət açdı.
Sonra tədbirin iştirakçıları– professor Rasim Axundov, Umudlu kənd tam orta məktəbinin direktoru Zabil Zeynalov, redaksiyanın keçmiş işçisi, Mamırlı kənd tam orta məktəbinin coğrafiya müəllimi Səbuhi Kərimov, Tərtər Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri Elvin Umudov, Svetlana Əzizova, müəllifin 50 illik iş yoldaşı Əvəz Nəsirov və redaksiyanın digər əməkdaşları–Bəxtilə Əliyeva, Kənan Hüseynzadə, Elfuzə Vəliyeva, Nigar Əmrahova, Şəhanə İsmayıllı, Aysel Hüseynova çıxış edərək kitab haqqında öz ürək sözlərini söylədilər və Svetlana Bağırovanı bu münasibətlə təbrik etdilər.
Çay süfrəsi ətrafında keçən bu səmimi tədbirdə təkcə Svetlana Bağırovadan deyil, onun çalışdığı mehriban kollektivdən də söhbət getdi.
Təbii keçən bu tədbirdə Svetlana Bağırova bu qayğı və hörmətə görə kövrək hisslərlə hər kəsə öz təşəkkürünü bildirdi. Yekunda xatirə şəkli çəkdirildi.
“Yeni Tərtər”