Əlyar Surxay oğlu Orucov 1968-ci ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirmişdir.
İndi də igidliyi haqqında əfsanəyə bənzər həqiqətlər gəzir. Sözün həqiqi mənasında erməni quldurlarına qan udduran bu igid Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun kiçik qardaşı idi.
Qarabağ Müharibəsi başlanandan sona çatanadək ağır döyüşlərdə iştirak edən Əlyar Orucovun özü də qardaşı Vəzir kimi əfsanəvi qəhrəmana çevrilib, adı dillər əzbəri olub.
Vəzirin ölümü onu həddindən çox sarsıtsa da, qardaşının Vətən yolunda şəhid olması ona daxili bir qürur hissi gətirir, onunla fəxr edirdi. Qardaş nisgili, Vəzir kimi bir oğulun itkisi onu köz-köz yandırsa da, həmişə başını dik tutur, məğrur gəzir və ağır dərdini öz iç dünyasında çəkirdi.
Onun erməni separatizminə, erməni vandalizminə, erməni təcavüzünə qarşı qəzəbi, kini günü-gündən artırdı. Ona görə ağır döyüşlərə yollanır, düşmənlərə aman vermirdi. Dəfələrlə yaralansa da, bədəni güllə və qəlpələrlə dolu olsa da, yenə də heç nəyə, hətta sağlamlığına da əhəmiyyət vermədən döyüşlərdə iştirak edirdi. Lakin insan dözümünün də bir sonu olur. İnsan özü dözmək istəsə də, orqanizmi dözmür.
Əlyar Orucov növbəti dəfə ağır yaralanandan sonra canı daha sözünə baxmadı, vəziyyəti ciddiləşdi. Buna görə də Azərbaycan dövləti tərəfindən İran İslam Respublikasına müalicəyə göndərildi..
Əlyar Orucovun keçdiyi döyüş yolları haqqında bir dastan bağlamaq olar və əlbəttə, bu dastan bağlanacaqdır, bir az geci-tezi var. Biz isə Əlyarın qısa, lakin mənalı və şərəfli ömür yolu haqqında yalnız bu kiçik yazı ilə kifayətləndik.
Belə bir məğrur insan nə qardaş dərdinə, nə Vətən nisgilinə dözüb yaşaya bilməzdi. Yaşaya bilmədi də. Çox cavan, həyatının gənc, qaynar çağında bu fani dünyadan köçdü. Onda 2006-cı il idi…
Heyif Əlyardan!
Tofiq YUSİFİN
“Ölümlə üz-üzə” kitabından