Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Yan

    81 YAŞLI İBRAHİM DAYI

    новый-11111İbrahim Abdullayev ailədəki 5 qardaş və 2 bacının ən kiçiyi idi. Böyük Vətən müharibəsi başlayanda onun cəmi 5 yaşı vardı. Sadə bir kolxozcu ailəsində böyüyürdü. Atası Mikayıl kişi müharibəyə getdikdən sonra ailə böyüksüz yaşamalı oldu.
    O zamanın çətinlikləri təkcə qadınları deyil, azyaşlı uşaqları da kotan çəkməyə, başaq yığmağa və başqa çətin işlərdə çalışmağa vadar edirdi. Evin kişilərinin müharibəyə getməsi ailədəki ağırlığı qadınların və uşaqların üzərinə salmışdı. Ona görə də ehtiyacı olanlar təsərrüfat işlərində var güclə işləyirdi ki, ailəni dolandırsın.
    Haqqında söz açdığım İbrahim Abdullayev Tərtər rayonunun Mamırlı kəndində doğulub. Həyatın azını – çoxunu an-layandan zəhmət adamlarının əhatəsində böyüyüb. O zamanın çətinliklərinə baxmayaraq ali təhsil də alıb. Azərbaycan Politexnik İnstitutunun inşaat mühəndisliyi fakültəsini bitirib. Hətta institutda oxuyarkən həm də Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən xüsusi elmi bərpa idarəsində iş icraçısının köməkçisi vəzifəsində çalışıb.
    Ömrünün bir hissəsi şəhər mühitində keçsə də rayonundan, doğma kəndindən ayrıla bilməyib. Qayıdaraq Tərtər rayonunda çalışmağa başlayıb. “PMK-47”-də iş icraçısı vəzifəsində işləyib. Çox çəkməyib ki, onu – 1974-cü ildən Qarabağ Elmi Tədqiqat Bazasında mühəndis vəzifəsinə qəbul ediblər. İbrahim Abdullayev harada çalışmasından asılı olmayaraq üzərinə düşən işin öhdəsindən layiqincə gəlib. Dürüstlüyü və etimad qazanmağı özünün müqəddəs amalı hesab edib.
    Məlum Qarabağ hadisələri başlayanadək, yəni 1988-ci ilədək görkəmli insan İman Mustafayevin rəhbərlik etdiyi Qarabağ Elmi Tədqiqat Bazasında çalışıb. Bazanın fəaliyyəti dayandırıldıqdan sonra yenidən “PMK-47”-də fəaliyyətə başladı. Rayonda çox-mərtəbəli evlərin, məktəb və inzibati binaların tikintisində inşaatçı kimi çalışıb.
    Hazırda İbrahim dayı yaşının ahıl çağındadır. Lakin, onun əli işdən soyumur. Tərtər şəhərində fəaliyyət göstərən tikinti materialları satışı mağazalarından birində gözətçi işləyir. Bu dünya görmüş ahılımızı heç zaman boş görmək olmaz. O, yaşadığı binanın qarşısında becərdiyi ağacların və gül kollarının nazını çəkər, gah onları suvarar, gah da dibini boşaldar. Bəzən isə 43 illik ömür-gün yoldaşı Mənsurə xanımla birlikdə nəvələrinin tərbiyəsi ilə məşğul olar. İbrahim dayının doğmaları və qonşuları bir ağsaqqal kimi yolunu saxlayıb, ona ehtram göstərirlər, bu gün ona əmi-dayı, baba kimi müraciət edirlər. İbrahim dayı da hər kəsi öz dili ilə dindirməyi baçarır. Mehribançılıq, səmimiyyət onun üz-gözündən tökülür.
    İbrahim Abdullayevin haqqında məqalə hazırlayarkən daha bir cəhətini aşkarladım. O, çox həssas və duyğusal bir insandır. Bəzən gördüklərini, duyduqlarını qələmə alaraq seir yazar. Onun yazdığı şeirdən birini oxucularımıza təqdim etməyi özümüzə borc bildik.

    Elfuzə Vəliyeva

    Dağlar

    Yağı kəsibdir yolumu.
    Gələmmirəm sizə dağlar.
    Ovçu kimi yaylaqlarda,
    Çox düşmüşəm izə dağlar.

    Dağ, dərə, meşə gəzmişəm.
    Moruq, çiyələk dərmişəm.
    İndi yaman kövrəlmişəm,
    Yaşım axır üzə dağlar.

    Ağdamdan qalxaq Şuşaya,
    Yal boyu könül oxşaya.
    Qızlar çıxa tamaşaya,
    Qol götürüb süzə dağlar.

    Meşədə quraq busatı,
    Çalınsın “Cəngi”, “Heyratı”.
    İgidlər minsin Qıratı,
    Əldə şeşpər nizə dağlar.

    Şuşadan gedək Laçına,
    Od vuraq düşmən xaçına.
    Xına qoy anam saçına,
    Görünsün tər-təzə dağlar.

    İbrahim, gələcək o gün,
    Qayıdacaq qaçqın-köçkün
    Başlasa şadlıq, toy-düyün.
    Səs yetər Qırxqıza dağlar.

    İbrahim ABDULLAYEV

    Müəllif: Redaktor, 11:29

    Teqlər:

İsmarıclar bağlıdır.