Biz dəfələrlə qəzetimizdə bu dələduz qadının əməlləri haqqında yazmışıq, əlaqədar hüquq-mühafizə orqanlarına–Tərtər rayon prokurorluğuna və polis şöbəsinə, Bərdə rayon prokurorluğuna və polis şöbəsinə, respublikanın Baş prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciətlər etmişik, lakin törədilən cinayət əməli bu günə qədər, yəni 2 ildən çoxdur ki, cəzasız qalıb. Harda cəzasızlıq mühiti varsa, orada haqq-ədalət ola bilməz, özbaşınalıq və xaos hökm sürər, kriminal durum daha da gərginləşər. Hər bir cinayət əməlinin qanunla tənzimlənən öz cəza növü var və bu, bütün dünyəvi, hüquqi dövlətlərdə normal qəbul edilən haldır.
Bəli, bizim ölkədə mövcud olan qanunlar humanizmə əsaslanır və insan haqları çox ciddi həssaslıqla müdafiə olunur. Lakin bu, o demək deyil ki, təkrar-təkrar eyni cinayət əməli törədən şəxslərə həddindən daha çox humanizm prinsipləri əsasında, qanunların tələblərini pozmaqla, himayəçilik nöqteyi-nəzərdən yanaşılsın. Belə olanda həmin ünsür sabah daha ağır cinayətlər törətmək sərbəstliyi qazanacaq və bununla da cəmiyyət üçün təhlükəli bir caniyə çevriləcəkdir.
Mən, yuxarıda göstərdiyim kimi, istintaq zamanı dələduzluğu əsaslı faktlarla sübuta yetirilmiş Tərtər şəhərinin sakini Kərimova Sevinc Sultan qızı haqqında törətdiyi cinayət əməlləri barədə respublikanın Baş prokuroruna və Daxili İşlər nazirinə dəfələrlə yazılı müraciət etmişəm, onlar da həmin müraciətləri hər dəfə Bərdə rayon prokurorluğuna göndəriblər. Halbuki həmin prokurorluğa da bir neçə dəfə bu barədə ərizə yazmışam və eyni, standart cavablar almışam. Acı təəssüf hissi doğurur ki, respublika prokurorluğuna Bərdə rayon prokurorluğundan yazdığım şikayət ərizələrini onların özlərinə göndərirlər ki, sizdən olan şikayəti siz özünüz araşdırın. Bərdə rayon prokurorluğu da mənə cavab verir ki, bizdən “narazı qaldığınız halda yuxarı prokurora müraciət etmək hüququnuz vardır”. Deyən yoxdur ki, a kişi, elə “yuxarı prokurora” müraciət etmişəm də, o da sizə göndərib. Ayrı “yuxarı prokuror” da var?!
Məsələnin mahiyyətini tam aydın təsəvvür etmək üçün sonuncu ərizəmi və ona verilən cavabı oxuculara təqim edirəm.
Azərbaycan Respublikasının baş
prokuroru cənab Zakir Qaralova.
Surəti: Azərbaycan Respublikasının
Daxili İşlər naziri cənab Ramil Usubova “150666005 nömrəli cinayət işi üzrə istintaqın icraatının qeyri-müəyyən müddətə əsassız dayandırılması barədə”
Ə r i z ə
Bildirirəm ki… bu cinayət işi ilə bağlı sizə dəfələrlə müraciət etmişəm. Lakin heç bir nəticə alınmayıb. Bu dələduz qadını nə qədər müdafiə etmək olar?! Vətəndaş Kərimova Sevinc Sultan qızının etibardan sui-istifadə etməklə borc adı ilə iki nəfəri aldadaraq 48000 manat və 2600 ABŞ dolları məbləğində pulu ələ keçirməsi faktına görə Tərtər rayon prokurorluğu tərəfindən başlanılmış 150666005 nömrəli cinayət işi üzrə Azərbaycan Pespublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Kərimova Sevinc Sultan qızının törətmiş olduğu cinayət əməli kifayət qədər faktlarla təsdiq olunduğuna görə 23 fevral 2015-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan olunmuşdur.
09.09. 2015-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır.
İstintaq zamanı cinayət işi Tərtər rayon PŞ-nin İQ-da müstəntiq, polis baş leytenantı Firuz Nuriyev tərəfindən istintaq edilərkən 12 may 2015-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən icraatı dayandırılmış, 29 may 2015-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və həmin tarixdə yenidən dayandırılmışdır. 07 sentyabr 2015-ci il tarixdə isə cinayət işi üzrə icraat yenidən təzələnmiş və 10 sentyabr 2015-ci il tarixdə ərazi aidiyyatı üzrə Bərdə rayon PŞ-nin İB-nə göndərilmişdir. Cinayət işi 30 sentyabr 2015-ci il tarixdə Bərdə RPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis mayoru Rəhim Ağamalıyev tərəfindən icraata qəbul edilərək istintaq aparılmışdır.
İstintaq zamanı Kərimova Sevinc Sultan qızının güya yataq xəstəsi olması nəzərə alınaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Tərtər rayon Şöbəsinin 12 may 2015-ci il tarixli 161 nömrəli saxta rəyinə əsasən guya müəyyən edilmişdir ki, Kərimova Sevinc Sultan qızında “xroniki virus hepatit C” xəstəliyi aşkar edilmişdir. Odur ki, cinayət işi üzrə icraat 14.10.2015-ci il tarixdə dayan-dırılmışdır.
Göstərilən faktlardan belə aydınlaşır ki, hüquq-mühafizə orqanlarının işçiləri bu işdə həddindən çox humanistlik göstərmişlər.
İkincisi, təqsirləndirilən şəxs Kərimova Sevinc Sultan qızı hec də yataq xəstəsi deyil, o, hər gün respublikanın müxtəlif şəhər və rayonlarında alverlə və fala baxmaqla məşğuldur.
Belə çıxır ki, onun aldığı tibbi rəy özündə həqiqəti əks etdirmir, cinayətdən yayınmaq məqsədini daşıyır.
Siz daha yaxşı bilirsiniz ki, cinayət təqibi üzrə icraat o vaxt dayandırılır ki:
şəxsin xəstəliyi müvəqqəti xarakter daşısın;
xəstəlik stasionar tibb müəssisəsinin tibbi rəyi ilə təsdiq edilsin;
onun xəstəliyi cinayət prosesində iştirakına imkan verməsin və s.
Kərimova Sevinc Sultan qızının 12 may 2015-ci il tarixdə ağır yataq xəstəsi olması haqqında hansı yollarlasa aldığı tibbi rəyin ziddinə olaraq, o, 2015-ci il fevral ayının əvvəllərindən 6 avqust 2015-ci il tarixə kimi Bərdə rayon sakini Bayramova Kifayət Mərdan qızının üst-üstə 29000 manat pulunu analoji olaraq dələduzluq yolu ilə ələ keçirərək təkrar eyni cinayət əməlini törətmişdir. Bu necə ağır yataq xəstəsidir?!
Sizdən xahis edirəm ki, təqsirləndirilən şəxs Kərimova Sevinc Sultan qızı barədə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə açılmış cinayət işinin istintaqının yekunlaşmasını qanunlarımızın aliliyi səviyyəsində təmin edəsiniz.
* * *
Bu ərizəyə Bərdə rayon prokurorluğundan cavab verilib ki, zərərçəkmiş şəxslərin… pullarının ələ keçirilməsi ilə bağlı Bərdə RPŞ-nin istintaq bölməsində istintaq edilən 150666005 saylı cinayət işi üzrə əsassız olaraq icraatın 14.10.2015-ci il tarixdə dayandırılmasına dair qəbul edilmiş qərardan vermiş olduğunuz ərizəyə rayon prokurorluğunda baxılmışdır.
Sizə bildirilir ki, qeyd edilən cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Kərimova Sevinc Sultan qızının barəsində Bərdə RPŞ-nin istintaq bölməsində istintaq edilmiş cinayət işinin icraatı təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 53.1.4-ci maddəsinə əsasən dayandırılmışdır. Cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar rayon prokurorluğunda əsaslı və qanuni hesab edilmişdir.
Həmin qərardan narazı qaldığınız halda yuxarı prokurora və ya məhkəməyə şikayət etmək hüququnuz vardır.
Təqsirləndirilən şəxs Kərimova Sevinc Sultan qızının ağır xəstəliyinin aradan qalxması nəzarətdə saxlanmaqla qeyd edilən hal aradan qalxdığı halda cinayət işinin ibtidai istintaqının tez bir vaxtda tamamlanması təmin olunacaqdır.
* * *
P.S. Təkrar bildirirəm ki, “ağır xəstə” elan etdikləri bu dələduz qadın əslində ağır xəstə deyil, hər gün gözlərimizin qarşısında alverlə və fala baxmaqla məş-ğuldur. İstintaqın nə vaxt başa çatacağı isə məlum deyil.
Qələmə aldı: Tofiq YUSİF
-
10Yan
Müəllif: Redaktor, 11:14
Teqlər: Digər