Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Dek

    IMG-20171223-WA0041Gənclik illərimdə mənə desəydilər ki, doğma Tərtərimdən çox-çox uzaqlarda yaşayıb–işləyəcəyəm, buna qətiyyən inanmazdım. Çünki bir hərbçi kimi vətənimə xidmət etmək arzusundaydım. Bu fikirlə də hərbi komandirlər hazırlayan məktəbə daxil olmuşdum. Lakin 6 aydan sonra əsgəri xidmətə çağırıldım və təhsilim yarımçıq qaldı.
    Hərbi xidmətimi başa vurduqdan sonra həyat yolum tamamilə dəyişdi. Kirov vilayətinin Yaransk şəhərində kənd təsərrüfatı texnikumunu bitirdim. Vətənə qayıdıb rayonumuzdakı keçmiş Mirbəşir narçılıq sovxozunda təsərrüfat briqadiri işləməyə başladım. Ailə həyatı qurdum. Övladlarım dünyaya gəldi.
    Bu da bir qismət idi ki, tale yenidən məni Rusiyaya gətirib çıxardı. 1994-cü ildən ailəmlə birlikdə Kirov vilayətində yaşayıram. Böyük övladlarım artıq ailəlidir. Nəvələrimiz böyüyür.
    Ötən illər ərzində vətənə tez-tez gəlib-getsək də, dolanışığımız yaxşı olsa da, daim qəlbimizdə bir həsrət var. Ona görə də burada yaşayan azərbaycanlılarla vaxt-aşırı görüşür, bayramları bir yerdə keçiririk. Hətta mən deyərdim ki, Novruz bayramı günlərində qürbətdə yaşadığımızı unuduruq. Çünki Novruz adətlərinə o qədər dəqiq əməl olunur ki, özümüzü doğma kəndimizdəki kimi hiss edirik. Vətənimizin xoş gününə sevinir, çətin günlərində narahat oluruq. Ötən ilin aprel hadisələrində olduğu kimi. Torpaqlarımızın bir qisminin işğaldan azad olunmasına sevindik, say-seçmə oğullarımızın şəhid olması isə hamımızı kədərləndirdi.
    Bu gün Rusiyada “Cənnət bağı” adlı şəxsi firmanın rəhbəriyəm. Gün-güzəranımız pis keçmir. Doğma Bayandur kəndində qohumlarımızla sıx əlaqə saxlayırıq. Mən bütün tərtərliləri Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edir, hər kəsə can-sağlığı, ruzi-bərəkət arzulayıram. Qəlbimiz daim vətənlə bir döyünür.

    Aqil ƏSƏDOV,
    Kirov vilayəti, Yaransk şəhəri

    Müəllif: Redaktor, 14:11

    Teqlər:

İsmarıclar bağlıdır.