İllər, İllər! Kimini həyata gətirən, kimini həyatdan aparan illər! Bir-birini həsrətlə gözləyən, görüşəndə qol-boyun olub, yola saldığının davamçısına çevrilən illər.
Ömrümüzdən-günümüzdən ötən illər ipə-sapa düzülmüş mirvari kimi sıralanır və tariximizə dönür. Bu illəri yaşamaq və yaşatmaq, yaddaqalan etmək üçün yer üzünün əşrəfi insan onları bir naxış kimi öz ömrünə ilmələyir ki, torpağının, Vətəninin, elinin tarixinə cevrilsin. Xatırlandıqca qürurumuza dönsün.
Mənim başı bəlalar görmüş, müharibələrdə mətinləşmiş, müdrikləşmiş Tərtərim! Yenə illərin qovuşuğundasan, mehriban, zəhmətkeş insanlarınla 2017-ci ili uğurla yola salıb, 2018-i qarşılayırsan. Hərdən başının üstünü çən-duman aldı. Səni sındırmağa qara əllər uzandı. Səbrlə, təmkinlə və fədakarlıqla dözdün-dayandın. Sonra isə bu çən-dumanı dağıtmağı bacardın, qara əllərdən yaxanı xilas etdin. Oğullarına, igidlərinə arxalandın, mənim qala Tərtərim, qəhrəman Tərtərim! Bu gün mən qoynunda görülmüş işlərin ahəngindən, sayından söz açmaq istəmirəm. Görülənlər göz qabağındadır, gözəlliyin görənləri valeh edir, mənim yaraşıqlı, füsunkar Tərtərim. Axı, anan Azərbaycan səninlə fəxr edir. Sən bir xalqın düşmən sərhəddində ayıq-sayıq dayanmış cəsarətli, qorxmaz, dağ vüqarlı oğlusan. Çünki sən saflığını Murov kimi uca bir dağın yalyamacından süzülüb gələn büllur kimi suyundan almısan. Ona görə də övladlarının qolları qüvvətli, vüqarı əyilməz, yolları basılmazdır. Bunu sənə nahaq demədim, mənim qudrətli, vüqarlı, basılmaz Tərtərim. Bu gün sənin yetirmələrin düşmənin kəsmiş olduğu yolları təmizləyib, açır ki, üzü dağlara sarı yön alıb gedilsin. İllərlə qalanmış həsrətləri qovuşdurmağa çalışırsan, ərənlər oylağı Tərtərim. Elə bilmə bəlağətli sözlərimlə səni vəsv edirəm, bütün gözəllikləri Tanrıdan pay alan Tərtərim!
Cəsarətini-gücünü görənlər görür, görməyənlər isə eşidib fəxr edirlər. Bir zaman doğma qardaşlarına–Kəlbəcərə, Şuşaya qovuşacaqsan. Bu yolun bələdçisinə, sarvanına çevril, sayənlə yurd yerləri sevinsin, mənim Dədə Qorqud yurdunda qalalaşan qəhrəman Tərtərim!
Yola saldığın ildə alnın açıq, üzün ağdır. Qarşıladığın ili qazandığın sevinc dolu bol nemətli süfrənlə qarşılayırsan, mənim açıq-süfrəli, isti qucaqlı Tərtərim. Bilirəm, cən 2018-i qarşıladığın kimi bol-bərəkətli, toy-busatlı, sevinc, şadlıqla başa vurmağa çalışacaqsan. Yadların ayağı torpaqlarına dəyməsin, doğmaların ətrafını bürüsün, mənim ağ saçlı Tərtərim. Qoynuna qış gəlib. Bu qış səni donduran, üşüdən deyil, bərəkətini, gülünü-çiçəyini artıran bir qışdır.
Gələcək illərin tarixinə gözəlliklərlə dolu səhifələr yazılsın, mənim qürurlu Tərtərim!
Elfuzə VƏLİYEVA