Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10İyl

    Изображение 084 Tərtər şəhərindəki küçələrdən birinə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş həmyerlimiz, Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun adı verilib.
    Bu münasibətlə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qəhrəmanın ömür yolundan söhbət açaraq bildirib ki, Vəzir Orucov 1956-cı ildə rayonun Xoruzlu kəndində anadan olub. 1982-ci ildən 1992-ci ilə qədər Rusiyanın Arxangelsk vilayətində yaşayıb. Dağlıq Qarabağ hadisələri başlayan zaman Vəzir Azərbaycana qayıdıb, “Tərtər” Özünümüdafiə Batalyonuna daxil olub. 1992-ci ilin sentyabrında Çıldıran kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanıb. 1993-cü il yanvarın axırında o, tam sağalmasa da yenidən cəbhəyə qayıdıb.
    Ağdərədə gedən döyüşlərdə cəsurluq göstərib, qorxmazlığı ilə döyüş yoldaşlarına nümunə olub. Vəzir Orucov 1993-cü il martın 22-də Ağdərə bölgəsinin “Qlobus” yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub. Ölümündən 2 gün sonra–mart ayının 24-də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Şəhidin məzarı Bakıda Şəhidlər Xiyabanındadır. Vəzir Orucov döyüşçülərin mənəvi silahı idi.
    Sonra rayon rəhbəri Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, qeyd edib ki, bu yaxınlarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, şəhid İlqar Həsənovun da adları verilmiş küçələrin açılışı olacaqdır.
    Tədbirdə iştirak edən Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri, Vəzir Orucovun döyüş yoldaşı Suliddin Yusibov, “Tərtər” Batalyonunun keçmiş qərargah rəisi, II qrup Qarabağ müharibəsi əlili, Vəzir Orucovun dö-yüş yoldaşı Pənah Məmmədov, “N” saylı hərbi hissənin gənc leytenantı Etimad Qəhriyev, “Əsgər ailələrinə yardım” İctimai Birliyinin sədri Mətanət Əsgərova, “Müharibə Veteranı Qadınlarına Yardım” İctimai Birliyinin sədri Radə Abbas çıxış edərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən döyüşçülərin ailələrinə göstərilən diqqət və qayğıdan danışıblar.
    Milli Qəhrəman Vəzir Orucovun ana-sı Mahı Orucova, qardaşı Dadaş Orucov çıxış edərək Vəzir Orucovun xatirəsinə göstərilən ehtirama görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.
    Sonra icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və qəhrəmanın anası Mahı Orucova Vəzir Orucovun barelyefinin üzərindən örtüyü götürərək küçənin açılışını etdilər.

    Müəllif: Redaktor, 08:32

    Teqlər:

İsmarıclar bağlıdır.