Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Tərtər rayonunda 11 kənddə icra olunan layihələr uğurla yekunlaşıb. Layihələrin yekunlaşmasına və kəndlərə içməli suyun verilməsinə həsr olunmuş tədbir İsmayılbəyli kəndində keçirilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qeyd edib ki, cəbhə bölgəsi olan Tərtər rayonunun problemləri həmişə respublika Prezidentinin diqqət mərkəzində olub. İcra başçısı layihənin həyata keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi.
“Azərsu” ASC-nin direktor müavini Seymur Seyidov əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, Respublika Prezidentinin sərəncamına əsasən, Tərtər rayonunun 11 kəndində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə layihə həyata keçirilib. Bu layihənin icrası nəticəsində 11 kənddə 17270 nəfərin içməli su ilə təminatı yaxşılaşdırılmışdır.
Tədbirdə çıxış edən kənd sakinləri kəndlərin içməli su ilə təminatına görə Respublika Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
“Yeni Tərtər”