Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Dek

    20171114_132332Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaya rayonumuzun məktəbliləri də qoşulub. Rayonumuzu təmsil edən 40 nəfər məktəbli bu layihə çərçivəsində şimal bölgəmiz olan Quba, Qusar, Xaçmaz rayonlarına səfər etdilər.
    Rayon rəhbərliyinin, təhsil işçilərinin və valideynlərin iştirakı ilə biz məktəblilərdən ibarət qrupun təntənəli şəkildə yolasalma mərasimi keçirildi.
    Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyduqdan sonra, bizim üçün ayrılmış xüsusi avtobusla şimal bölgəsinə səfərə yola düşdük. 7-8 saatlıq yoldan sonra, nəhayət, Quba şəhərinə çatdıq.
    İlk olaraq bizi qalacağımız “Cənnət Bağı” hoteli ilə tanış etdilər. Qeyd edim ki, bu hotel şəhərin özündə deyil, Amsar kəndində yerləşir. Payız fəslində, dağlıq ərazidə dincəlmək nəinki məni, bütün məktəbliləri heyran etmişdi. Hər bir şəraitlə təmin olunmuş hotellə tanışlıqdan sonra, bizi Quba Rayon İcra Hakimiyyətinə apardılar. İcra hakimiyyəti başçısının I müavini bizləri salamlayıb, tur-aksiya iştirakçılarına xoş istirahətlər arzuladı.
    Qeyd edim ki, şimal bölgəsinə tək biz tərtərlilər deyil, digər rayonlar–Naftalan, Qubadlı, Beyləqan, Bərdə, Ağcabədi, Ağdam, Goranboydan olan məktəblilər də səfər etmişdilər.
    Quba rayonunda Heydər Əliyev Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Rəsm Qalereyası, Gənclər Mərkəzi və digər yerlərdə olduğumuz zaman qubalılar tərəfindən xoş qarşılanaraq, əldə edə biləcəyimiz bütün məlumatlara yiyələndik. Tarix-Diyarşünaslıq Muzeyində Qubanın tarixi, mədəniyyəti, təbiəti, ərazidə yaşayan müxtəlif etnik qruplar, məskunlaşmış digər xalqlar haqqında bizlərə dolğun məlumat verildi.
    Qubada yerləşən Cümə məscidi, Qırmızı Qəsəbə, Xalçaçılıq emalatxanası, qədim tarixə malik Tağlı körpü ilə tanışlıq hamımızı çox sevindirdi. Ölkəmizin ən ucqar kəndlərindən olan Xınalığa səfərimiz çox yaddaqalan hadisə oldu. Təmiz havası, bitki örtüyü ilə zəngin, ucqar dağ başında yerləşən Xınalıqda şəlalə ilə tanışlığımız, oranın tarixi haqqında bizə verilən məlumatlar Qubanın qədim tarixə malik bir rayon olduğunu bir daha sübut edir. Müasir standartlara cavab verən “Rixos” Quba mehmanxana kompleksinə səfər etdiyimiz zaman turistlər üçün yaradılmış şərait bizləri valeh etdi.
    Tariximiz üçün faciəyə çevrilmiş, mənfur düşmənlərimiz tərəfindən 1918-ci ildə törədilmiş “Mart soyqırımı”nın sübutu olan Quba Soyqırım Memorial Kompleksinə səfərimiz bu hadisənin yaddaşımızda daha dərin iz salmasına, düşmə-nə qarşı nifrətin daha da artmasına səbəb oldu.
    Növbəti gün Qusar rayonuna səfər etdik. Səfər çərçivəsində Olimpiya İdman Kompleksi, Gənclər Evi, Heydər Əliyev Mərkəzi və digər görməli yerlərlə tanışlığımız zamanı Qusarın tarixi, mədəniyyəti, əhalisi, son illərdə inkişaf strategiyası haqqında xeyli məlumat aldıq. “Şahdağ” Qış-Yay Turizm Kompleksində olmağımız, kanatla səyahətimiz biz gənclərə çox gözəl hisslər yaşatdı.
    Son günümüzdə Xaçmaz rayonunda səfərdə olduq. Xaçmazın tarixi, mədəniyyəti haqqında bizləri məlumatlandırdılar. Heydər Əliyev Mərkəzi, Rəsm Qalereyası və digər yerlərlə tanışlıq bu bölgə haqqında təəssüratlarımızı daha da genişləndirdi. “Şabran-Tarixi-Mədəniyyət qoruğu”nda olduğumuz zaman Xəqani Şirvaninin zindanda qaldığı ərazi ilə tanışlıq bizlər üçün daha da maraqlı oldu.
    Rayonumuza qayıtdıqdan sonra ermənilərin bizim doğma torpaqlara köçürülmə olduğunu sübut edən “Marağa–150” abidəsini ziyarət etdik. Sonra isə icra başçısı Müstəqim Məmmədovla birlikdə ağacəkmə aksiyasında iştirak etdik.
    Sonda biz gənclərin hərtərəfli və müasir qaydada inkişafı üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə, onun xanımı, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova xüsusi təşəkkürümüzü bildiririk.

    ORXANOrxan MUSTAFAZADƏ,
    şəhər 5 saylı tam orta məktəbin X sinif şagirdi

    Müəllif: Redaktor, 12:19

    Teqlər:

İsmarıclar bağlıdır.