Sentyabr ayının sonları idi. Rayonumuzun bütün idmansevərlərinin sevincinə səbəb olan bir hadisə baş vermişdi. Bir nəfərin uğuru ailənin, məktəbin, və bütöv rayonun fəxrinə, qüruruna çevrildi. Bu xəbər gənc boksçumuz Murad Allahverdiyevin Bolqarıstanda keçirilən Avropa çempionatında düşmənimiz olan mənfur ermənilərin nümayəndəsini məğlub etməsi xəbəri idi. Muradın uğuru rayon rəhbərliyi tərəfindən razılıqla qarşılandı. O, qələbədən sonra doğma Tərtərə üçrəngli bayraqlarla bəzədilmiş maşın karvanı ilə gətirildi. Muradı qarşılayanlar arasında sinif yoldaşları, müəllimləri və doğmalarından başqa rayon ictimaiyyətinin nümayəndələri də vardı.
İdmançımızın bu uğuru ölkəmizin gündəmində olan mühüm xəbərə çevrildi, internet saytlarında, televiziya kanalla-rında, mətbuat səhifələrində özünə yer aldı.
Artıq həmin gündən xeyli ötüb. İdmançının təəssüratlarının, hamıya maraqlı olacağını düşünüb, biz də Muradla görüşüb, söhbət etmək istədik. Təhsil aldığı 1 saylı tam orta məktəbdən və ailəsindən bildirdilər ki, məktəblilərin res-publika çempionatındakı yarışlarda iştirak etmək üçün Bakı şəhərinə gedib. Ona görə gözlədik.
Murad bu yarışlardan da müvəffəqiyyətlə qayıdıb. 2 idmançını məğlub edərək birinci yerin sahibi olaraq geri dönüb. İndi isə Murad Allahverdiyevlə və onun həm müəllimi, həm də dayısı Faiq Məmmədovla söhbət edirəm.
–Necə olub ki, idmanın bu çətin növü ilə məşğul olmağa başlamısınız?
Faiq Məmmədov bildirir:
–Murad kiçik yaşlarında məşqlərdə iştirak edirdi. Hiss edirdim ki, boksa qarşı çox maraqlıdır, hər bir məşqə, oyun fəndlərinə diqqətlə fikir verir. Onun bu marağını nəzərə alaraq 3-cü sinifdə oxuyanda ilk dəfə yarışmada iştirak etməsi-nə şərait yaratdım. Əvvəlcə məşq zalında həmyaşıdları arasında sınaq yarışları oldu.
Sonra isə 5-ci sinifdə oxuyarkən azyaşlılar arasında Tovuz rayonunda keçirilən zona yarışmasında iştirak etdi. Bu, Muradın ilk uğuru oldu. 2 nəfər idmançını döyüşdə məğlub edib qalib oldu. Gündən-günə marağı artan Murad yeni takti-kalarla yarış meydanlarına vəsiqə aldı. Məktəblilərin Bakı şəhərində keçirilən respublika birinciliyində, yeniyetmələrin Balakən rayonundakı respublika turnirində, “Açıq Bakı” birinciliyində iştirak edərək 1-ci yerlərin qalıbi oldu və 75 kq çəki dərəcəsində yığma komandanın tərkibinə dəvət aldı.
Faiq müəllim yetirməsi haqqında fəxrlə danışırdı. O, Muradın Belorusiyanın Qomel şəhərindəki beynəlxalq turnirdə ukraynalı, özbək və rus idmançılarla döyüşündən sonra yarımfinala vəsiqə almasından, Naxçıvan Respublikasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə gürcü və özbək idmançılarına qalib gələrək 2-ci dəfə yarımfinala vəsiqə almasından fəxrlə məlumat verdi.
Bolqarıstanda keçirilən Avropa çempionatı isə Muradın daha da məşhurlaşmasına səbəb oldu. O, burada Moldaviya və Çexiya idmançılarına qalib gələrək yarımfinala vəsiqə aldı. Həmin yarışda erməni idmançısını məğlub etdi. Gənc idmançını qarşıda daha böyük arenalarda iştirak etmək gözləyir. Özü bu barədə dedi:
– Arzum budur ki, dünya və Avropa cempionu kimi tanınım. Buna görə də çox çalışmalıyam.
Murad Allahverdiyevin müəllimi Faiq Məmmədov söhbət zamanı bildirdi ki, Muradın qazandığı medal dogma rayonumuza şöhrət gətirib.
Murad hazırda onbirinci sinifdə oxuyur. Onun gələcək barədə tükənməz arzuları var. Ona arzularının reallaşmasında yeni-yeni uğurlar diləyirik.
Elfuzə VƏLİYEVA