Kəndimizdə əkinçiliklə məşğul olub öz işini yaxşı bilən əmək adamlarından biri də fermer Firuz Rzayevdir. O, bu il 21 hektar sahədə taxıl, 18 hektarda şəkər çuğunduru, 10 hektarda isə pambıq əkib becərmişdi.
İlin payız fəsli öz ömrünü başa vurmaq üzrədir.
Firuz 21 hektar taxıl sahələrinə aqrotexniki qaydalar əsasında qulluq etdiyi üçün, hər hektardan 60 sentner buğda götürdü. Bu, təsərrüfatlar arasında ən yüksək göstəricidir.
18 hektar şəkər çuğunduru sahəsinin isə hər hektarından İmişli şəkər zavoduna 70 ton məhsul təhvil verib. Becərdiyi 10 hektar pambıq sahəsində də məhsul toplanışı başa çatıb. Pambıqçılıqda da çəkilən zəhmət bəhrəsini verib. Hektarın məhsuldarlığı 30 sentner olub.
Fermer Mütalib Rzayev isə 25 hektar sahədə “ağ qızıl” becərmişdi. Bu günlərdə o da sahələrdə pambıq tədarükünü mütəşəkkilliklə başa vurub, qəbul məntəqəsinə 90 tondan çox məhsul təhvil verib. Bu, hektardan 36 sentner məhsul deməkdir. Özü də tədarük olunan məhsulun hamısı maşınla yığılıb.
Gülüstan ƏHMƏDOVA,
Hüsənli kənd icra nümayəndəsi