“Tibb qəzeti”nin əməkdaşı Ü. Fərzəliyevanın professor Rasim Axundovla söhbətindən.
* * *
Məlumdur ki, dünyada mikroorqanizmlərin yetişdirilməsi üçün müxtəlif qidalı mühitlərdən istifadə olunur. İndi ölkəmizdə də ilk dəfə belə mühitin alınması üsulu kəşf edilib.
Professor Rasim Axundovun bu ixtirası, məhz mikrobiologiya sahəsində istifadə olunan qidalı mühitlərin əsasının alınması üsullarına aiddir. Təklif olunan ixtirada əsas məqsəd mikroorqanizmlərin geniş dairəsinin identifikasiyası və fərqləndirilməsi üçün qidalı mühitin işlənib hazırlanması, onun ucuzlaşdırılması və xammal bazasının genişləndirilməsidir. Qeyd edək ki, indiyədək belə analizlərin aparılması üçün qidalı mühit xaricdən idxal olunurdu. Azərbaycan alimi isə mikroorqanizmlərin yetişdirilməsi üçün ciftdən alınan bulyon əsasında yeni qidalı mühit yaradıb.
Rasim Axundov qidalı mühitin alınması üsulunun Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən 26 aprel 2007-ci il tarixində qeydiyyata alındığını bildirdi: “Mikrob kulturalarının yetişdirilməsi üçün, təklif olunan yeni qidalı mühitin istehsalını təşkil etmək məqsədi ilə onun texniki şərti işlənib hazırlanıb və normativ sənəd kimi 7 aprel 2008-ci il tarixində qeydiyyata alınıb. Texniki şərtin hazırlanması üçün qidalı mühit Respublika Taun Əleyhinə Stansiyasında, Elmi-Təd-qiqat Tibbi Profilaktika İnstitutunda, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq İnstitutunda yoxlanılıb. Məsələn, Taun Əleyhinə Stansiyanın laboratoriyasında yeni qidalı mühit nümunələrinin (duru və bərk halda) xüsusi təhlükəli infeksiya törədicilərinin (taun, qarayara, brüsselyoz) yetişdirilməsi üçün yararlılığı təsdiq edilib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında da yeni qidalı mühit nümunələri yoxlanıldıqdan sonra onun bağırsaq və hava-damcı infeksiyaların törədicilərinin yetişdirilməsində yararlılığı müəyyən olunub”.
Professor Rasim Axundovun sözlərinə görə, yeni qidalı mühitin bütün növ mikroorqanizmlərin yetişdirilməsi üçün yararlılığı təsdiq edilib. O, hazırda ölkəmizdə müxtəlif mikroorqanimzlərin yetişdirilməsi üçün qidalı mühitin xarici ölkələrdən idxal edildiyini, bunun isə həm keyfiyyət, həm də maliyyə baxımından sərfəli olmadığını dedi. Bildirdi ki, yeni qidalı mühit Azərbaycanda istehsal edilərsə, bu, çox ucuz başa gələr, həm də bu sahədə mövcud çətinliklər aradan qalxar.
Redaksiyadan: Professor Rasim Axundov “Yeni Tərtər” qəzetinin redaksiyasında olanda öyrəndik ki, ixtiranın həyata keçirilməsinə bəzi qüvvələr mane olmuşlar.
-
20Dek
Müəllif: Redaktor, 11:38
Teqlər: Digər