Professor Rasim Axundov deyir ki, Azərbaycanda Səhiyyə Assambleyasının qətnaməsinə görə bütün dünyada Milli Dərman Siyasətinin əsas prinsipləri yeni dərman vasitələrinin yaradılması,onun istehsalı və əhalinin sağlamlığının qorunması üçün onu düzgün təşkil etməyə yönəltməkdir. Bu prinsiplərə müvafiq olaraq Azərbaycanda da yerli xammal mənbələrindən istifadə edərək yeni dərman preparatlarının alınması, onların yeni texnoloji xüsusiyyətlərini işləyib hazırlamaq və nəticədə yüksək keyfiyyətli fitopreparatların tibbi praktikada tətbiqinə nail olmaq hal-hazırda aktual bir məsələ olaraq qalır.
Məlum olduğu kimi insanlar çox qədim zamanlardan bitkilərin yarpaq, gövdə, çiçək, kök və s. hissələrindən bu və ya digər tərkibli kimyəvi maddələri ekstraksiya yolu ilə almağı öyrənmişlər. Bu üsulla əsasən dərmən bitkilərindən tibbi praktikada geniş istifadə edilən dərman preparatlarının ekstraktlarını almışlar və bu üsul əczaçılıq sənayesində indi də istifadə edilir.Bu üsuldan istifadə edərək ekstraksiya prosesinin effektivliyini artırmaq üçün müxtəlif ekstragentlərdən (su, spirt, sirkə turşusu və s.) istifadə edilir. Ekstraksiya prosesinin sadə olması və onun texnologiyasında işlədilən komponentlərin və eləcə də avadanlıqların hər zaman əlçatan olması bu üsulun həmişə aktual olmasına imkan vermişdir.
Bəşər övladı hələ lap qədimdən həyatda qarşılaşdığı müxtəlif xəstəliklərlə mübarizə aparmaq üçün dərman kimi ən çox istifadə etdikləri bitkilər olmuşdur. Hazırda bir sıra ölkələrdə qədim xalq təbabəti müasir nəzəri biliklərlə zənginləşdirilərək yenidən tətbiq olunmağa başlamışdır. Müasir tibb təhsili ilə yanaşı qədim təbabətin əsasları da tədris olunur. Bir sıra ölkələrdə dərman bitkilərindən əczaçılıqda geniş istifadə edilir. Bəzi yerlərdə müxtəlif xəstəlikləri müalicə etmək üçün kimyəvi dərmanları bitkilərdən hazırlanmış təbii vasitələrlə əvəz etməyə çalışırlar. Bütün bunlar göstərir ki, hətta texnologiya baxımından inkişaf etmiş ölkələrdə belə təbii dərmanlardan istifadə get-gedə özünə daha çox tərəfdar qazanır.
Azərbaycanın təbiəti hələ qədim zamanlardan şəfalı bitkilərlə zəngindir. Azərbaycanın uzun ömür sürənlər ölkəsi olması da təsadüfi deyildir. Məlumdur ki, zəngin bitki aləmi ilə maraqlanan avropalılar Azərbaycana səyahətlər etmiş, dərman bitkiləri toplamışlar. Təəssüflər olsun ki, bizim bu zəngin, əvəzsiz milli sərvətimiz sovetlər dönəmində xammal kimi başqa respublikalara və xarici ölkələrə göndərilmişdir. Nəticədə sərvətimizi ucuz qiymətə alaraq onu emal edir, müxtəlif kimyəvi tərkiblərlə qatışdıraraq on qat baha qiymətə özümüzə qaytarırlar.
-
20Dek
Müəllif: Redaktor, 10:57
Teqlər: Digər