Şeyx Sədi Şirazi farsdilli ədəbiyyata çox ciddi yeniliklər gətirmiş, müəyyən baxımdan inqilab etmiş nəhəng sənətkardır.
Firdovsi, Xəyyam, Hafiz, Nizami, Fizuli kimi Şeyx Sədi Şirazi də dünya mədəniyyəti xəzinəsində özünəməxsus yer tutan cahanşümul və görkəmli şairlərdəndir. İran mədəniyyətinin dünya ədəbiyyatına vermiş olduğu bu qüdrətli söz ustasının ölməz əsərləri yüz illərdir əhəmiyyət və təsirini itirməyərək, oxuyucalarına faydalı nəsihətlər verir, bəşəri düşüncələr, nəcib duyğular aşılayır.
Sədinin sözlərinin əksəriyyəti sevinc gətirən və məftun edəndir. Odur ki, gözü götürməyənlər öz tənəli dillərini işə salıb deyirlər ki, nahaq yerə beyni yormaq və faydasız olaraq çıraq tüstüsünü udmaq ağıllı adamların işi deyil. Lakin arif adamlara aydındır ki, şəfaverici nəsihət inciləri zərif ibarə sapına düzülmüş və acı məsləhət dərmanları şirin zarafat balına qarışdırılmışdır ki, insanın yorğunluğa mail olan təbiəti bu sərvəti qəbul etməkdən məhrum qalmasın.
Yaşadıq dünyada biz də bir müddət,
Etdik bacardıqca neçə nəsihət.
Onu dinləməsə bir kəs nə olar,
Qoy bizdən dünyada qalsın yadigar.
Sədi Şirazinin hikmət və nəsihətlərindən
Mal-dövlət yaşamaq üçündür, yaşamaq mal-dövlət yığmaq üçün deyil.
Ağıllı bir adamdan soruşdular:
–Xoşbəxt kimdir, bədbəxt kim?
Dedi:
–Xoşbəxt odur ki, əkər-yeyər, bədbəxt odur ki, qoyub-gedər.
* * *
İki adam havayı zəhmət çəkib, faydasız əmək sərf edər: Biri yığıb yeməyən, o biri bilib etməyən.
Biliyin olsa da, bir ümman qədər,
Nadansan əməlin olmasa əgər.
* * *
Elm əqidəli olmaq üçündür, dünya malı yığmaq üçün deyil-dir.
Kim satsa biliyi, məsləki, dini,
Elə bil, odlamış öz xirmənini.
* * *
Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər.
Faydasız keçirsə ömrünü insan,
Qızılı tullayır bir şey almadan.
* * *
Ölkə ağıllı adamlarla gözəllənər, din pak adamlarla möhkəmlənər.
Şahlar alimlərin məsləhətinə daha çox möhtacdır, nəinki alimlər şahların mərhəmətinə.
Ey padişah, əgər məndən istəyirsən nəsihət,
Bu mənalı sözlərimi sən həmişə sal yada:
İşi ancaq alimlərə tapşır sən əl-əlbət,
Hərçənd alim işə möhtac deyildir heç dünyada.
Üç şey əbədi yaşamaz: mal ticarətsiz, elm mübahisəsiz və hökmdar siyasətsiz…
Pislərə rəhm edib, yaxşıları incitmək, zalimləri bağışlayıb, məzlumlara zülm etməkdir.
* * *
Sirrini yoldaşına bildirmə, nə bilirsən, bəlkə, bir gün düşmən oldu. Düşməninə də çox zərər vurma, bəlkə, bir gün dost oldu. Gizlətmək istədiyin sözü ən sədaqətli dostuna belə demə, çünki hər bir dostunun öz dostu, dostunun da öz dostu var…
Susmaq çox yaxşıdır, nə ki sirri sən
Birinə deyərək, “demə” deyəsən.
Suyunu gözündən bağla çeşmənin,
Çünki arx dolarsa, daşacaq, yəqin.
O söz ki, aşkarda deyə bilməzsən,
Onu gizlində də heç söyləmə sən.
-
20Dek
Müəllif: Redaktor, 10:45
Teqlər: Ədəbiyyat