Cəbhə bölgəsində yaşayan əhalinin tibbi müayinəsi üçün ixtisaslı həkimlərdən ibarət səyyar briqada Tərtərə səfər edib. Mərkəzi Rayon Xəstəxanasında keçirilən humanitar aksiyada Azərbaycan Tibb Universitetinin əməkdaşları professor Nuru Bayramov, dosent Cəfər Nəsirli, tibb üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, Mərkəzi Klinikanın uroloq həkimi, tibb üzrə fəlsəfə doktoru Elbəyi Daşdəmirov, Mərkəzi Gömrük Hospitalının həkimi, mama-ginekoloq Təranə Bayramova rayon sakinlərinə tibbi xidmət göstəriblər. Tərtər Mərkəzi Rayon Xəstəxanasında tibbi yoxlamanın keçirilməsi üçün zəruri şərait yaradılıb. Ultrasəs və digər diaqnostikadan sonra ehtiyacı olanlara müalicə kursu təyin edilib. Cərrah, uroloq, ultrasəs mütəxəssisi və mama-ginekoloq həkimlər belə səfərlərdə həvəslə iştirak etdiklərini bildiriblər. Briqada üzvləri bu aksiyanın cəbhə bölgəsində yaşayanlara mənəvi dəstək olduğunu və cəbhəyanı bölgələrə səfərlərinin mütəmadi davam etdiriləcəyini də qeyd ediblər. Aksiyadan 100-ə yaxın rayon sakini yararlanıb.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalini müayinədən keçirən tibb personalına və onların çalışdığı müəssisələrin rəhbərliklərinə cəbhə bölgəsində yaşayan tərtərlilər adından minnətdarlığını bildirib.
-
11Dek
Müəllif: Redaktor, 12:52
Teqlər: Səhiyyə