GÖZƏL İNSAN HAQQINDA XATİRƏLƏRİM
Bu yazıda söhbət professor Əziz Əliyevlə iki görüşümdən gedəcək. Xatirələrimi yazmaqda məqsədim onun nə qədər incəqəlbli, qayğıkeş, sadə olmasını onu tanımayanlara çatdırmaqdır.
1941-ci ilin sonları, Böyük Vətən müharibəsinin ağır və çətin dövrü idi. Cəbhədə böyük itkilər verən qoşunlarımız geri çəkilirdi. Arxa cəbhədə də vəziyyət yaxşı deyildi. Dövlət fövqəladə vəziyyət elan edib, müəyyən işlər aparmaq üçün Azərbaycanın bütün rayonlarına görkəmli partiya və dövlət xadimlərini ezam edirdi. O zaman təzə səhiyyə naziri təyin olunmuş professor Əziz Əliyev də Qarabağın rayonlarında ezamiyyətdə idi.
…1941-ci il dekabr ayının axırlarında Tərtər rayonunun Azadqaraqoyunlu kəndində tibb məntəqəsi qarşısında qara rəngli “M-l” markalı bir maşın dayandı. Maşından ortaboylu, dolubədənli, qara qalifeyi şalvar, qara köynək, uzunboğaz xromsapoq geyinmiş bir nəfər düşdü. Onu dərhal tanıdım. Bu, Əziz Əliyev idi.
Yaxınlaşıb:
–Professor, xoş gəlmisiniz!-dedim.
Mənə əl verib görüşdü. Özümü təqdim elədim (O zaman mən tibb məntəqəsində feldşer işləyirdim. Atam Fərrux Axundov həmin məntəqənin müdiri idi). Qonağı qarşılamaq üçün atam tibb məntəqəsinin ikinci mərtəbəsindən aşağı düşəndə Əziz Əliyev atama dedi:
–Fərrux əmi, düşməyin, mən ora gəlirəm.
Əziz Əliyev yuxarı qalxıb atamla görüşdü. Anam da qonağı qarşılamağa çıxmışdı və o, anama dedi:
–Bacı, acmışam, sizə xörək yeməyə gəlmişəm. Məni məntəqənin işi maraqlandırmır, gəlmişəm ailənizlə tanış olum.
Əziz Əliyevi yaşadığımız evə dəvət etdik (İkinci mərtəbənin bir otağı tibb məntəqəsi, o biri isə bizim yaşadığımız mənzil idi). Əziz Əliyev otağa daxil olan kimi anama dedi:
–Bacı, hiss eləyirəm ki, dadlı bir xörək bişirmisiniz, –deyə mətbəx kimi istifadə olunan eyvanın yuxarı başına keçdi, ocağın üstündəki qazana yaxınlaşıb, qapağını qaldırdı. Qazanda dovğaya oxşar horra qaynayırdı. Əziz Əliyev:
–Nə yaxşı! Çoxdandı dovğa yemirəm, uşaqları yığın, xörək yemək vaxtıdır.
–Saatına baxıb dedi: -Saat birdir.
Ailə üzvlərimiz süfrə ətrafına toplandı. On beş nəfər idik. Atam qonağı və sürücünü də süfrəyə dəvət elədi və ani olaraq anamla gözləşib, çörək olmadığını bildirdi. Bunu hiss eləyən Əziz Əliyev:
–Başa düşürəm, çörəyiniz yoxdur, çəkinməyin, bacı, dovğanı gətirin, eybi yoxdur, müvəqqəti çətinlikdir. Mənim işim çoxdur, amma dovğa yeməmiş gedən deyiləm-deyə ona və sürücüyə verilən yeməkdən’bir neçə qaşıq alıb, ayağa qalxdı, sağollaşıb, maşına tərəf üz tutdu. Maşına oturanda mənə tapşırdı ki, səhər saat səkkizdə rayon partiya komitəsinin birinci katibinin kabinetində olum. Belə də elədim. Səhər deyildiyi vaxt katibin köməkçisinə yaxınlaşıb, gəldiyimi Əziz Əliyevə bildirməyi xahiş etdim. Köməkçi iclas olduğunu deyib, bunu edə bilməyəcəyini söylədikdə onu başa sala bildim ki, məni Əziz Əliyev özü bu iclasa çağırıb. Məni içəri buraxdılar, Əziz Əliyev danışırdı. O məni iclasdakılara təqdim edib:
–Dünən mən yemək vaxtı onlara getmişdim ki, görüm bu ailədə çörək var, ya yox? Bunlar nə yeyir? Burda da çörək olmadı. Güman edirdim ki, Fərrux kişi uşaqlarının qabağına bir tikə çörək tapıb qoya bilər. Ancaq belə olmadı. Yaxşı ki, o, mal-qara saxlayır. Südünə, qatığına bir ovuc un qatmaqla on beş baş ailəni saxlaya bilir, -deyə üzünü rayon rəhbərlərinə tutub, acıqlı bir tərzdə:-Budur sizin insanlara münasibətiniz? Altı aydır ki, hökumətin ayırdığı taxıl normasını sahiblərinə çatdırmırsınız.
Mənə müraciətlə göstəriş verdi:
–Kazım, həyətdə taxıl yüklənmiş maşın dayanıb, bu taxılı rayonun bütün kənd tibb məntəqələrinə çatdırıb, axşam mənə məlumat verərsən!
Belə də etdim. Bütün kənd tibb məntəqələrinin almadıqları altı aylıq taxıl normasını çatdırıb, Əziz Əliyevə məlumat verdim.
O, belə humanist, nəcib bir şəxsiyyət idi.
Əziz Əliyevin çox böyük dövlət və partiya rəhbəri olması bir daha özünü Dağıstanda göstərdi. Böyük Vətən müharibəsinin ən ağır vaxtlarında çox da etibarlı sayılmayan çeçen xalqı tarixdə görünməmiş müsibətlərə məruz qalıb, doğma yurdundan sürgün edildi. Növbədə Dağıstan xalqları dururdu. Bu məsələ müzakirə olunanda Mircəfər Bağırov işə qarışır və Stalindən xahiş edir ki, bu işdə ona inansın, onun təklifinə razılıq versin. Təklif də ondan ibarət idi ki, Dağıstan xalqlarının departasiyasına sərəncam verməsin. O xalqların Sovet hökumətinə sədaqətini sübut etməsini ona tap-şırsın. Dağıstan rəhbərliyinə müavinimi, çox bacarıqlı və yaxından tanıdığım Əziz Əliyevi təyin etməyimə icazə versin. Stalin Bağırova çox inandığından onun təklifini qəbul edib-Əziz Əliyevi Dağıstana birinci katib təyin edir. Demək olar ki, Əziz Əliyev Dağıstan xalqlarını departasiya edilməkdən xilas etdi və almanların Bakı istiqamətində bir addım da irəliləməsinə imkan vermədi. Əfsuslar olsun ki, gözəl rəhbərlik qabiliyyətinə malik olan Əziz Əliyev şəxsiyyəti Bağırovda qısqanclıq yaratdı. Müharibə qurtaran kimi o, əsassız iddialarla Əziz Əliyevi hörmətdən salmağa çalışaraq tutduğu bütiin vəzifələrdən azad etdi
Əziz Əliyevlə ikinci görüşüm altmışıncı illərdə indi onun adını daşıyan Azərbaycan Həkimləri Təkmilləşdirmə Tibb İnstitutunda rektor olduğu bir vaxta düşür.
Mənim o zaman ikinci iş yerim həmin institutun epidemiologiya, mikrobiologiya və gigiyena kafedrası idi. Bu kafedrada assistent vəzifəsində gigiyena kursu aparırdım. Bir gün dedilər ki, məni rektorluğa çağırırlar. Səhəri günü ora yollandım. Gəldiyimi Əziz Əliyevə çatdırdılar. O, məni qapı ağzında qarşılayıb, oturmağa dəvət edərək dedi:
–Bilirsiniz ki, mən instituta yenicə təyin edilmişəm. Təbii haldır ki, işə başlayan kimi kadrlarla sənədlər əsasında tanışlığa başlamışam. Sənin epidemiologiya-mikrobiologiya-gigiyena kafedrasında işlədiyini bilmişəm. Xəyalım məni o illərə qaytardı. Fikirləşdim ki, 1941-ci ildə Tərtər rayonunda ezamiyyətdə olarkən gəldiyim və dovğa yediyim ailə sizin ailə idimi, ya yox? Ona görə səni bura dəvət etmişəm.
Dedim ki, siz yanılmamısınız, o zaman olduğunuz ailədəki həmin Kazım Axundov mənəm. Əziz Əliyev dedi ki, o kasıb süfrə arxasında oturanlar haqqında qısa məlumat verə bilərsənmi? Dedim ki, o on uşağın hamısı ali təhsil alıb, işləyir. Beş nəfəri müxtəlif elm sahələrində çalışır. Bunları eşidən bu böyük insanın üzündəki uşaq təbəssümü onun daxili sevincini elə biruzə verirdi ki, ona tamamilə yad olan belə bir ailənin müvəffəqiyyətlərini sanki özünün nailiyyəti, xoşbəxtliyi sanırdı.
Xoşbəxtəm ki, Əziz Əliyevlə işləmək mənə də müyəssər olub. Belə böyük bir insanın ürəyi görün harda dayandı.
Əziz Əliyevə xidmət edən yaşlı bir rus qadınının yolasalma mərasimini özü həll etməyi qərara alan professor qadınla bərabər dəmir yol vağzalına yollanır. Qadının əl çamadanını özü götürür, onu qatara əyləşdirir. Qatar yola düşür. Əziz Əliyev əlini qaldırıb, havada yelləyir. Bu zaman gözlənilmədən yıxılır. Bunu görən xidmətçi qadın qışqırıb deyir ki, o yıxılan Əziz Əliyevdir, qatarı sax-layın, ona nəsə oldu! Qatarı saxlayıb, professora yaxınlaşırlar. Artıq isə gec idi…
Kazım AXUNDOV,
tibb elmləri doktoru,
professor, Azərbaycan
Respublikasının
əməkdar həkimi
P.S. Əziz Əliyev Dağıstandan vətənə qayıtdıqdan sonra da özü kimi yorulmaz və xalqına təmənnasız xidmət etməkdən yorulmayan Fərrux bəylə əlaqə saxlamış və onun oğlu tibb elmləri doktoru, professor Kazım Axundovu yanına aparmış, ömrünün sonuna kimi onunla birgə işləmişdir.
İndi onların heç biri, nə Əziz Əliyev, nə Fərrux bəy, nə də Kazım Axundov həyatda yoxdur. Allah hamısına rəhmət eləsin. Onların xatirələri bu gün də yaşayır və həmişə yaşayacaqdır.
Təqdim etdi:
professor Rasim AXUNDOV