Təhsil Nazirliyi Müdafiə Nazirliyi, “ASAN xidmət” və Tərtər Rayon İcra Hakimiyyəti ilə birgə Tərtərdə Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib. Yürüşün keçirilməsində məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
Yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, Milli Məclisin deputatları, “ASAN xidmət”in əməkdaşları, hərbçilər, Qarabağ müharibəsi veteranları, tanınmış ziyalılar, idmançılar, gənclər, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak edib. Yürüş iştirakçıları əvvəlcə Tərtər rayonunun mərkəzi meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.
İki min nəfərdən çox insanın iştirak etdiyi yürüş Heydər Əliyev prospektindən Dövlət Bayrağı Meydanına qədər davam edib. Hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.
Təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə çıxış edərək, Azərbaycan dövlətinin və istiqlalının müqəddəs rəmzlərindən olan bayrağın milli kimliyimizin simvolu olduğunu qeyd edib. Firudin Qurbanov hər bir azərbaycanlının qürur yeri olan dövlət bayrağının tarixindən söz açıb və Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq ruhunda tərbiyə olunması baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Nazir müavini varlığımızı və gücümüzü dünyaya tanıdan bayrağımızın işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında buna nail olunacağına inamını ifadə edib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Dövlət Bayrağı Gününün qeyd olunmasını dövlətçilik tariximizin əlamətdar hadisəsi kimi qiymətləndirib. Son illər ölkəmizin artan nüfuzunu diqqətə çatdıran Müstəqim Məmmədov mötəbər idman yarışlarında, mədəni tədbirlərdə dövlət bayrağımızın zirvələrə yüksəldiyini göstərib.
Bildirilib ki, respublikamızın bütün bölgələrində olduğu kimi Tərtər şəhərində də bayraq meydanı inşa edilib. 65 metr hündürlükdə dalğalanan üçrəngli bayrağımız cəbhə bölgəsində yaşayan tərtərlilərin qəlbini fərəh, qürur hissi ilə doldurur.
“Millət və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə Vətən övladının canından keçdiyi bayrağımızı sevirik və bundan sonra da sevməliyik. Onu bundan sonra da, son damla qanımıza qədər qoruyacaq və uca tutacağıq. Namusumuz, qeyrətimiz, şöhrətimiz olan bayrağımız ucaldıqda biz də ucalacağıq. Azərbaycan Bayrağı daim sülh səmasında dalğalanacaqdır”, – deyə Müstəqim Məmmədov söyləyib.
Tədbirdə çıxış edənlər “Bayraq yürüşü”nün keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib, üçrəngli bayrağın hər zaman yüksəklərdə dalğalanacağına əmin olduqlarını bildiriblər.
Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər, “ASAN Könüllüləri”n və şagirdlərin ifasında bayrağımıza həsr olunmuş şeir, mahnı və rəqslər ifa olunub. Bir qrup vətənpərvər tərtərliyə “Vətən naminə” medalı təqdim olunub.
Yürüşdən sonra iştirakçılar Tərtər rayonunun Şıxarx qəsəbəsinə gedərək, “Marağa-150” abidəsi ilə tanış olublar. Məlumat verilib ki, bu abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa–150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov səfər çərçivəsində Tərtər rayonu Qapanlı kənd tam orta məktəbinin şagird və müəllim kollektivi ilə də görüşüb və təhsil ocağına hədiyyələr təqdim olunub
-
20Noy
Müəllif: Redaktor, 13:39
Teqlər: Xəbərlər