Layihəyə əsasən yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-ni dörd-otaqlıdır. Yaşayış məhəlləsində yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətlərinin çəkilişi başa çatıb. Bütün infrastruktura malik məhəllədə məcburi köçkünlərin yaşayışı üçün hər cür şərait yaradılıb.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yaşayış məhəlləsinə baş çəkib, aparılan tamamlama işləri ilə maraqlanıb.
Baş nazirin müavini Tərtər Rayon İcra Hakimiyyətinin başçısı və tikinti şirkətlərinin rəhbərləri ilə birlikdə əvvəlcə yaşayış binalarındakı mənzillərdə yaradılan şəraitlə tanış olub. Bütün mənzillər təmirlidir və mətbəx mebelləri ilə təchiz edilib.
Musiqi məktəbinə gələn Baş nazirin müavininə bildirilib ki, təhsil ocağı fərdi və qrup məşğələ otaqlarından, akt zalından, inzibati və xidməti otaqlardan ibarətdir. Məktəbdə şagirdlərə fortepiano, tar, qarmon, nağara, saz ixtisasları üzrə musiqi təhsili veriləcək.
Əli Həsənov yaşayış məhəlləsində inşa edilən 280 yerlik uşaq bağçasında görülmüş işlərlə də maraqlanıb. Məlumat verilib ki, bağçada 12 qrup fəaliyyət göstərəcək. Oyun, rəqs və idman zalları, həkim otağı, camaşırxana, mətbəx, anbardan ibarət bağçanın binası zəruri avadanlıqla təchiz olunub. Burada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb.
Min iki yüz şagird yerlik məktəb binası ilə tanışlıq zamanı bildirilib ki, yüksək şəraiti, müasir təlim avadanlığı ilə diqqəti cəlb edən bu təhsil ocağında təlimtədris üçün hər cür şərait var. İdman zalı, 700 yerlik akt zalı, 400 yerlik yeməkxana, fizika, kimya, biologiya laboratoriyaları, informatika və sinif otaqları, kitabxana və sairdən ibarət məktəb istilik, müşahidə sistemləri, internetlə təmin edilib.
Əli Həsənov bildirib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılır.
O, sonra Tərtər rayonunun Şıxarx qəsəbəsinə gedərək, “Marağa-150” abidəsi ətrafında aparılan tikinti-abadlıq işləri ilə tanış olub.
-
20Noy
Müəllif: Redaktor, 13:31
Teqlər: Xəbərlər