Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 02İyl

    MƏNƏVİ PAKLIQ  NÜMUNƏSİ

    DSC_1197Rayonumuzun hörmətli ziyalısı, YAP Tərtər Rayon Təşkilatının yaradıcılarından biri olan Zakir Bağırovun həyat kitabını vərəqlədikcə, ən çox diqqətimi cəlb edən bu insandakı vəzifə məsuliyyəti, işgüzarlıq və mənəvi paklıq oldu.
    Zakir müəllimin ailəsi 1949-cu ilin deportasiyası nəticəsində Qərbi Azərbaycandan didərgin düşənlərdəndir. Həmin vaxt onun cəmi 2 yaşı vardı. Lakin böyüklərin söhbətlərindən bu məcburi köçürülmənin ailəni hansı çətinliklərlə üz-üzə qoyduğunu yaxşı bilir. O deyir:
    –Vedibasar rayonunun Qaraqoyunlu kəndində yaşayırdıq. Erməni vanda-lizmi nəticəsində dağ kəndini tərk edib aran yerinə düşəndə, çoxları bu iqlim dəyişikliyinə dözə bilmədi, xüsusən də uşaqlar və qocalar. Kimisi xəstələndi, kimisi də dünyasını dəyişdi…
    Bağırovlar ailəsinin başçısı Bağır kişi ixtisasca aqronom idi. 1951-ci ildə seyidlər tayfasından ibarət 4-5 ailə Tərtər rayonunun Kolanı kəndinə gəlib, burada vaxtilə Vedibasar rayonunun Kolanı kəndindən olan və sonralar Tərtərdə məskunlaşan İsa bəy adlı qohumlarını tapır və onun köməkliyi ilə indiki Hacıqərvənd kəndində yurd salırlar.
    Bağır kişi pambıqçılıq briqadiri işləməyə başlayır və sonralar kolxozdan ona ayrılmış torpaq sahəsində ailəsi üçün ev tikdirir.
    Ötən illərə nəzər salan Zakir müəllim deyir ki, “həyatda qazandığım bütün uğurlarımın bünövrəsi məktəb illərində qoyulub və buna görə də müəllimlərimə rəhmətlik Sabir Paşayevə, Səlim Musayevə, Allahyar Aslanova və başqalarına minnətdaram”. 1964-cü ildə riyaziyyatdan respublika üzrə keçirilən olimpiadada 3-cü yer tutması onun bu fənnə olan marağını artırmış və məhz dəqiq elmlərlə bağlı ixtisas seçməsinə gətirib çıxarmışdır. 1969-cu ildə gənc Zakir o zamankı C.İldırım adına Politexnik İnstitutunun Avtomatika fakültəsini elektromexanik ixtisası üzrə müvəffəqiyyətlə bitirərək, təyinatla Azərbaycan Boru Prokatı zavoduna usta vəzifəsinə qəbul edilmişdir.
    ***
    1969-cu il ondan ötrü təkcə institutu bitirməsi və əmək fəaliyyətinə başlaması ilə əlamətdar olmadı. Daha bir mühüm hadisə baş verdi–dekabr ayında Zakir müəllimi ordu sıralarına çağırdılar. Özü də əsgərliyini o dövrdə hamı üçün əfsanəyə çevrilmiş kosmodromda keçməli oldu. Bura həqiqətən sirlər aləmi idi. Kosmodroma yalnız susmağı bacaran, məsuliyyətli və işbilən insanları yaxın buraxırdılar. Çünki sovet rejiminin sərt qanunları burada baş verənlərin açıqlanmasına yol vermirdi.
    Zakir müəllim deyir:
    –Orduda qulluq etdiyim illər mənə çox şeyi öyrətdi. Güclü xarakterə malik insanlarla qarşılaşdım. Hansısa bir ideya, amal uğrunda canlarından belə keçənləri gördüm. Həyata daha çox bağlandım. Anladım ki, insan bir gününü belə hədər yaşamamalıdır. Ona görə də xidməti müddətim başa çatandan sonra mənə burada qalıb işləmək təklif olunanda razılaşmadım. Vətənimə tələsirdim, xalqım üçün gərəkli insan olmaq istəyirdim.
    Ordudan tərxis olunandan sonra gənc mütəxəssis daha bir il boru prokatı zavodunda çalışdı, 1972-ci ildə isə doğma rayonumuza qayıtdı. Həmin ilin may ayından 2007-ci ilə qədər avtobazada müxtəlif vəzifələrdə işlədi. Zakir müəllim həmin illərin nailiyyətlərini qürur hissi ilə xatırlayır. 1975-ci ildə onun çalışdığı kollektiv SSRİ üzrə sosializm yarışının qalıbi olaraq keçici Qırmızı bayraq almışdı. Bu münasibətlə keçirilən yığıncaqda o zaman raykomun birinci katibi olan Zülfiqar Abdullayev istismar şöbəsinin rəisi Zakir Bağırovun əməyini xüsusi qeyd etmişdir.
    2007-ci ilin aprel ayından Zakir müəllim YAP Tərtər Rayon Təşkilatının aparatında təlimatçı işləyir.
    1993-cü il iyulun 25-də təşkilatın ilk konfransı keçirildi. Konfransda 180 nəfər iştitak edirdi. Zakir müəllim fəxrlə bildirdi ki, son 7 ildə Tərtərdə YAP-ın üzvlərinin sayı iki dəfə artıb. Bu isə partiyaya olan inam və etimaddan irəli gəlir.
    Zakir müəllim bügün böyüyən gəncliyə böyük ümidlər bəsləyir.
    Axı, dünyanın az ölkəsi tapılar ki, orada gənc nəslin inkişafına bizim ölkədə olduğu qədər diqqət yetirilsin.
    Bəli, yol gəncliyindir, gələcək onlarındır. Amma bu yolu gedərkən bəzən dönüb arxaya baxmaq və Zakir Bağırov kimi insanların həyat təcrübəsindən bəhrələnmək lazımdır. Çünki bu təcrü-bənin özü də bizim milli sərvətimizdir.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 14:00

    Teqlər:

İsmarıclar bağlıdır.