Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Noy

    “ÖMÜR ÜSTƏ ÖMÜR CALANAR, GƏLİNİN YAXŞI OLSA…”

    DSC_5919“Çox şükür ki, Allah mənim ailəmə, ocağımıza Şələlə kimi mehriban, qocaq bir gəlin qismət edib”. Bu sözlər elə-belə deyilmiş sözlər deyil. Ömrünü yaxşı yaşamış, gözəl günlər görmüş, hazırda ahıl yaşda olan el ağsaqqallarımızdan biri–İsrafil Quluyevin razılıq etdiyi qayğıdan, böyüyə hörmətdən irəli gələn fikirləridir. Axı, ahıl yaşdakı insanlar bir az kövrək olur, hamıdan, hər kəsdən diqqət, qayğı umurlar. Ən əsası da onu övladlarından, gəlinindən, nəvə-nəticəsindən görəndə daha çox duyğulanırlar. O zaman ömür üstə ömür calanır.
    İsrafil Quluyev o ahıllarımızdandır ki, həyatın ən gözəl anlarını zəhmətə bağlayıb. Harada olmasına baxmayaraq, çalışıb, qabaqçıllar sırasında olub. Bu iş-güzarlıq, məsuliyyət hissi onun qanına atası Rzaqulu kişinin, anası Güllər xalanın verdiyi tərbiyədən hopub. Ailədə tərbiyə alan 7 övladın hamısı eyni ruhda böyüyüb. Sadə bir kolxozçu ailəsinin övladlarından biridir, İsrafil müəllim. Əslən Laçın rayonundan olsalar da, uzun illərdir ki, Tərtər rayonunun Nərimaniya kəndində yaşayırlar. Bu kənddə doğulub, burada boya-başa çatıb İsrafil Quluyev. Kənddəki 7-illik məktəbi bitirdikdən sonra təhsilini Tərtər şəhər 1 saylı tam orta məktəbində fəaliyyət göstərən fəhlə-gənclər məktəbinin axşam şöbəsində davam etdirib. 1961-ci ildə orta məktəbi bitirib. 1969-cu ildə Sovet ordusu sıralarında hərbi xidməti başa çatdıqdan sonra ali təhsil almaq arzusu reallaşıb və o, Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub. 1973-cü ildə həmin institutu aqronomluq ixtisası üzrə bitirib. Qiyabi təhsil ala-ala rayon tədarük idarəsində əmtəəşünas vəzifəsində çalışıb.
    Həyatının bütün unudulmaz, yadda qalan günləri 1973-cü ildən başlayıb. Hələ o zamanlarda Mirbəşir Narçılıq sovxozu rayonun qabaqçıl təsərrüfatlarından sayılırdı. İsrafil Quluyevin əmək fəaliyyətinin çox hissəsi burada keçib, müxtəlif vəzifələrdə çalışıb. Aqronom, sovxoz direktorunun müavini, tərəvəzçilik briqadiri, sovxoz direktoru, sonralar kənd bələdiyyəsinin sədri, barama idarəsinin müdiri vəzifələrində işləyib. İsrafil müəllim bütün bu vəzifələrin öhdəsindən bacarıqla gəlib. Həm kollektivin sevimlisi olub, həm də rayon ictimaiyyəti arasında böyük nüfuz qazanıb. Həmin illərdə Mirbəşir narının SSRİ məkanında böyük şöhrəti vardı. Moskva şəhərində keçirilən kənd təsərrüfatı sərgisi bunun parlaq sübutuydu. 1977-ci ildə İsrafil müəllim yetişdirdikləri yeni növ narla iştirak edib.
    İsrafil müəllimin ömründə sıralanmış zəhmət dolu illər mükafatsız, qiymətli hədiyyəsiz, təltifsiz ötməyib. “Beşilliyin qalibi”, Rəşadətli əməyə görə “medallarla” təltif olunub. Təkrar-təkrar rayon və kənd sovetlərinin deputatı və plenum üzvü seçilib, “Əmək veteranı” olub. Struktur dəyişikliyi illərindən sonra da o, müxtəlif vəzifələrdə çalışıb. İsrafil müəllim həmişə bir amalla yaşayıb: dövlət qanunlarına riayət etmək, bir də insanların qayğısına qalmaq.
    2006-cı ildə rayon yaşıllaşdırma idarəsi onun axırıncı iş yeri olub. Həmişə də çalışıb ki, gördüyü işlərin yaxşı nətiçəsi yadda-qalan olsun. Ələsgərli kənd bələdiyyəsinin sədri işləyərkən kənddən olan Böyük Vətən Müharibəsi iştirakçılarından 9 nəfərinə və Qarabağ savaşının qurbanı olan 5 nəfər şəhidə adlarını əbədiləşdirən abidənin qoyulmasında böyük zəhməti olub. Sağ qalan veteranları daim diqqətdə saxlayıb.
    İsrafil müəllim yaddaşında xoş xatirələr yaradan illərindən söz açanda təsərrüfat briqadiri və yaşıllaşdırma idarəsinin müdiri işlədiyi günləri böyük fəxrlə xatırladı. Əlavə olaraq bildirdi ki, hər bir vəzifənin öz məsuliyyəti və qayğısı olub. İndi artıq o illər arxada qalıb. İsrafil Quluyev 2008-ci ildən təqaüdçüdür.
    Söhbətimiz zamanı İsrafil müəllim ailəsindən də söz açdı.
    –1973-cü ildə ailə qurdum–dedi. Həyat yoldaşım ötən il dünyasını dəyişib, 4 övladım–3 qızım, bir oğlum, 9 nəvəm və bir nəticəm var. Oğlum Nicat, 2 qızım–Elnurə və Nurlanə ailəlidirlər. Üçüncü qızım Ülviyyə isə birinci qrup əlildir. Şəlalə kimi mehriban, qoçaq bir gəlinim var. Hazırda bütün qayğılarımızı o çəkir. 3 övladları var. Üstəlik şəxsi təsərrüfatları, daha sonra isə əlil arabasına məhkum olan baldızın qayğıları. Bunların öhdəsindən gəlmək, hamını razı salmaq hər gəlinin işi deyil.
    İsrafil müəllimlə söhbətimin əvvəlində də gəlinindən söz açdı, sonunu da elə gəlinindən razılıqla bitirdi. Yaxşı ki, ocaqlarımızda Şəlalə kimi gəlinlərimiz var! Bax, o zaman ömür-üstə ömür calanar, elə İsrafil Quluyevin ömrü kimi.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:46

    Teqlər:

İsmarıclar bağlıdır.