Lakin bu “çıxdaş məhsul” yenidən yararlı ola bilər və normal həyata qayıda bilər. Əlbəttə, bunun üçün ona əsl kişi iradəsi lazımdır! Bu iradəni özündə tapa bilməyənlər ciddi müalicə yolu ilə yenidən insana dönmək xoşbəxtliyini yaşaya bilərlər. Narkomanlıqdan insanlığa dönən adamlar az deyil.
Şübhəsiz, hamı bilir ki, narkomaniya nədir və onun faciəvi nəticələri nələrdən ibarətdir. Ən çox gənclər arasında yayılan bu bəla bir millətin gələcək bədbəxtliyinə zəmin yaratmış olur. Nəhayətdə, bəşərin bəlası kimi bütöv insanlığı məhv edər. Buna görə də dünya ölkələri bu “ağ ölüm”ə qarşı “üsyan” qaldırıblar.
Bəzi mənbələrə görə Azərbaycanda çox ciddi mübarizə aparılsa da, narkomaniya cavanlaşaraq hətta 13-14 yaşa keçib, lakin 20-25 yaş arasında yayılma daha çoxdur. Narkomanlığın kütləviləşməsinin bir səbəbi qonşu ölkələrdə həm narkotik maddələrin ticarətindən əldə olunan gəlirlərin “yuyulması”, həm də başqa maliyyə cinayətlərinin həyata keçirilməsidir. Digər səbəb də həmin ölkələrdə narkotik maddələrin istehsalının çoxalmasıdır. Bəzi mənbələrə görə Əfqanıstan rəsmi şəkildə bildirir ki, əsas gəliri narkotikdəndir. Həmin ölkədə heroinin 1 kiloqramı 500 dollara satılır. Pakistana 2000 dollara keçir, avropaya isə 80-100 min dollara gedib çıxır.
Narkotiklər insanlarda ilk dəfə maraq oyadır, istifadə edir, sonra isə xəstəlik halına keçir. Heroindən bir-iki dəfə istifadə etdikdən sonra xəstəlik formalaşır və göründüyü kimi bu, çox təhlükəlidir.
Narkomanlar hazırda, ümumiyyətlə, heroin, həşiş, anaşa, marixuana və s. istifadə edirlər. Bunların bəziləri, o cümlədən əvvəllər ağrıkəsici kimi istifadə olunan morfin, promidol yüngül qrupa aiddirlər. Birinci qrupa aid olanlar isə qısa bir müddətdə güclü asılılıq yaradır.
Hər bir dövlət narkotika ilə fərqli mübarizə aparır. Hər bir dövlət narkotik maddələrin siyahısını tutur. Amma bu siyahılar da fərqlidir. Məsələn, ABŞ-da narkotik siyahıda kokain yoxdur. Ancaq o, ən ağır narkotikdir.
Psixiatr-narkoloq Fəzail Sadıqovun fikrincə artıq kokain cəmiyyətə necə hopubsa, onunla mübarizə aparmaq mümkünsüz olub. Misal üçün, təbabətə görə spirtli içkilər də narkotik sayılır. Lakin bu gün hər yerdə satılır. Həmin asılılıq alkoqolizmdə də formalaşır, sosial nəticələri isə ağır olur.
Psixiatr-narkoloq narkotik maddələrin yaratdığı fəsadlardan danışarkən, onları tibbi və sosial zərərinə görə iki yerə bölür: “Sosial baxımdan, dövlət narkomaniya ilə bağlı ona görə narahat olur ki, narkomanlar cəmiyyətdə balansı və sabitliyi pozur. Bu gün SPİD-ə görə bütün dünya narahatdır. Lakin avtomobil qəzasından həyatını dəyişənlərin sayı sözügedən xəstəlikdən vəfat edənlərin sayından qat-qat artıqdır. Amma heç kim demir ki, avtomobillərin istehsalını saxlayaq. SPID ona görə təhlükəli görünür ki, onun yayılma masştabı genişdir. Narkomaniya da belə bir şeydir. Narkoman başqa anlayışdır, narkotik maddədən istifadə etmək başqa. Maddədən istifadə edən hər bir şəxs narkoman olmur. Onların klinik əlamətləri olur. Birinci əlamət ondan ibarətdir ki, bu, psixi və fiziki asılılığa çevrilir. Digər əlamət dəyişilmiş registativ sindromdur. Bu nə deməkdir? İnsan narkotik qəbul edəndə, ilkin olaraq, özünü çox pis hiss edir, ürək bulanma, qusma başlayır. Çünki birinci dəfə, normal insan olduğundan, orqanizmin toksid maddəyə reaksiyası olur. Bir neçə dəfədən sonra artıq vərdiş edir və asılılığa düşür. Narkomanların əksəriyyəti sonda cinayətkara çevrilir. İnsan sağlamlığına tibbi baxımdan vurduğu zərərə gəlincə, Fəzail Sadıqov bunları qeyd edir: “Narkotik toksik maddə olduğundan, şəxsin bütün daxili orqanlarına mənfi təsir edir. Ürək-damar sistemindən tutmuş, nevroloji sferaya qədər təsir edərək, xarakterini dəyişir. Onlar həmin maddəni qəbul edəndə normal adam olur, lakin vaxtı qurtaran kimi onun üçün nə ana, nə ata, nə ailə olur. Xəstə narkotik qəbul edənə qədər özünü idarə edə bilmir. Bu zaman ona nə desən razı ola bilər, təki istədiyilə təmin olunsun. Hətta mən şahidi olmuşam ki, vaxtı çatanda, anasının barmağını kəsib, üzüyü çıxarıb, narkotikə dəyişib. İstədiyini əldə etmək üçün hər cür cinayətə getməyə razı olur. Ona görə də, onların əksəriyyəti sonda cinayətkara çevrilir”.
Narkomanlar 35-40 ildən artıq yaşaya bilmir “Spirtli içki, siqaret, narkotik maddə ömrü qısaldır. Onların arasında ən çox təsir narkotikdədir. Erkən yaşından narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 il olur. Çünki qəbul etdikcə, təsiri hiss etmək üçün dərəcəni artırmalıdır. Son olaraq, elə bir həddə çatır ki, 20 normal adamı öldürə biləcək bir dərəcəni birdəfəyə qəbul edir. Bu, bir müddət davam edə bilər. Lakin sonda bir anda toksik maddə beyindən tənəffüs mərkəzinə gedir və nəfəs yerindəcə kəsilir. Digər faktor odur ki, cinayətkara çevrilmiş narkoman kriminal qruplaşmalarda həyatını itirir.
Ailədaxili münaqişələrin, boşanmaların çoxalmasının əsas səbəblərindən biri də narkomaniyadır. O, əvvəl ətrafında olan insanları, sonra öz həyatını məhv edir. Həkim deyir ki, narkoman adamın ailəsində dünyaya gələn uşaq da narkoman olur. Toksik maddə ana bətnində dölə təsir edir. Bir də görürsən körpə ağlağan olur, narkotik vurduqdan sonra sakitləşir.
Bəs nə etməli?
Birincisi, hər bir pis və zərərli vərdişin qarşısını almaq üçün mübarizəni ailədən başlamalıyıq. Ailə nə qədər saf olsa və halal yaşasa pis vərdişlər ona sirayət edə bilməz.
İkincisi, tərbiyə ocağı olan məktəbdir. Müəllim ağzında siqaret tüstülədə-tüstülədə şagirdə onun zərərindən moizə edirsə, bu, əlbəttə, təsirsiz qalacaq və tragikomik bir səhnə yaradacaq. Və yaxud, məktəblərdə təlim-tərbiyə işləri zəif qurulubsa, orada hər cür mənfi hal təzahür edə bilər. (Bunlar ali təhsil ocaqlarına da aiddir).
Üçüncüsü, cəmiyyətin özündə ciddi qaydalar olmalıdır və əlbəttə, bunlar qanunlarla tənzim edilməlidir. Yəni ətraf mühit nə cürdürsə, insanın şüuru da o mühitə uyğun formalaşır. Əgər bir ölkədə narkomanlıq və cinayətkarlıq get-gedə çoxalırsa, səbəbini bizi əhatə edən mühitdə axtarmalıyıq. Bu mühiti isə bizim yaşayış tərzimiz və əxlaqi keyfiyyətlərimiz şərtləndirir.
Tofiq YUSİF