BİZİM SEVİMLİ MƏHİYƏDDİN BABAMIZ
Biz babamızı çox sevirik. O, ailəmizin böyüyüdür. Babam bizi də, o biri nəvələrini də çox istəyir. Hər babamgilə gedəndə o bizə pay alır, bağlarından dadlı meyvələr yığıb verir. Ən əsası faydalı məsləhətlər verir. Məhiyyəddin babamızla fəxr edirik. Babam çox mehriban, gülərüz, gözəl xasiyyətli və qayğıkeşdir.
Nəvələrilə çox mehriban davranır. İstəyir ki, heç kimin xətrinə dəyməsin, hər şeyin sülh yolu ilə həll olmasına çalışır. Ailəmizdə də hər kəs babama böyük hörmət edir. Bacımla mən istəyirik ki, Məhiyyəddin babamız hər zaman yanımızda olsun. Babamgilə gedəndə babam tarixdən, riyaziyyatdan suallar verir, bilmədiklərimizi öyrədir, tapmacalar, atalar sözləri söyləyir. Və hər zaman, hər dəfə başa salır ki, insan namuslu və şərəfli olmalıdır, Məsələn, belə atalar sözü deyir: “Abır harda, çörək orda”.
Babam tez-tez milli-mənəvi dəyərlərimizdən söhbət açır. Məsələn, deyir ki, keçmişdə nənəmiz şirniyyatı, çörəyi təndirdə, kürədə bişirərdi, Qovurğanı sacda qovurardı. Bizim vaxtımızda başlarına örtmək üçün hər bir qadının kəlağayısı olurdu, O, Əfruz nənəmizin kəlağayısını da bizə dəfələrlə göstərib.
Babamın 13 nəvəsi, 22 nəticəsi var. (Burda maşallah deyək.) Biz babamızın nəticələriyik. Babam heç bir nəvəsinə, nəticəsinə fərq qoymur. Hər kəsi eyni məhəbbətlə çox istəyir. Və hər zaman nəvələrinə, nəticələrinə, övladlarına, gəlinlərinə mehriban olmağı məsləhət görür və bildirir ki, mehribançılıq olan yerdə ruzi-bərəkət də bol olar. Məhiyyəddin babamızı biz hər zaman çox sevəcəyik.
Yaman sevirik, babamı yaman
Ayrılmarıq biz ondan bircə an.
Öpər üzümüzdən o dönə-dönə.
Şirin nağıllar danışar yenə.
Sözü, söhbəti şəkərdi, şəkər.
Belə babadan de kim əl çəkər.
Nəzrin və Əfruz KƏRİMLİLƏR