Azərbaycan Respublikası özünün ikinci müstəqilliyini bərpa etməsindən 25 il keçir. Bu illər ərzində ölkə başdan-başa dəyişib, tanınmaz olub. Ölkə vətəndaşları həm yeraltı, həm də yerüstü
sərvətlərinə sahib olublar. Torpaq islahatı keçirilib. Kənd əməkçiləri pay torpaqlarında istədiklərini əkib-becərirlər. Bu dediklərimi öz kəndimiz və eləcə də qonşu kəndlərin timsalında görmək olar.
Elə vaxtlar vardı ki, hər ailəyə 1 inək və 5 qoyun saxlamağa icazə verilirdi. Indi bizim Ağkənddə elə insanlar var ki, 100-150 baş qoyun-quzusu, 15-20 baş iribuynuzlu malı var.
Elə mən özüm xeyli sayda mal-qara bəsləyirəm.
Ailəmiz ötən əsrin 28-30-cu illərində bu kəndə Dərələyəz mahalından gəlib. Elə o zamandan bu kənddə yaşayırıq.
Kəndlərimizin yolu çox bərbad idi, rayon mərkəzinə gedib çıxana kimi saatlarla vaxt itirirdik. Amma 2013-cü ildə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 5 kəndi birləşdirən 13 km uzunluqda gözəl asfalt salınıb.
Işıqlarımız tez-tez sönərdi. Amma indi elektrik enerjisindən və mavi qaz yanacağından problemimiz yoxdur.
Ulu Öndərin siyasi kursunu inamla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin də məqsədi ölkə vətəndaşlarının maddi rifah halının daim yaxşılaşdırılmasıdır. Bunu hamı görür, duyur, hiss edir. Biz bilirik ki, müstəqilliyimiz daimidir, əbədidir. Bu inam hər bir olkə vətəndaşının qoluna qüvvət, ürəyinə təpər verir.
Ölkə Prezidenti möhtərəm İlham Əliyevin dəsti-xəttini ürəkdən bəyənir, onun ətrafında sıx birləşərək müstəqilliyimizin əbədiliyi üçün var qüvvəmizlə çalışırıq.
Əyyub BƏXTİYAROV,
Ağkənd kəndinin sakini