Vətən torpaq uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan yüzlərlə oğullarımızdan biri də Zeynalov Elşən Allahverən oğludur.
Elşən 1970-ci il sentyabr ayının 26-da Ağdam rayonunun Təzəkənd kəndində anadan olub. Uşaq yaşlarından anası rəhmətə gedəndən sonra Tərtərin Hüsənli kəndində yaşayan nənəsi Məleykənin himayəsində böyüyüb 1977-1987-ci illərdə Hüsənli kənd tam orta məktəbində təhsil alıb. Bir-birini əvəz edən illər Elşənin də həyatında silinməz izlər qoyub. O, orta təhsilini başa vurandan sonra, 1989-1991-ci illərdə keçmiş Sovet ordusu sıralarında hərbi xidmət keçib.
1992-ci ildə milli ordumuzun sıralarına yenidən hərbi xidmətə çağrılıb. Bu elə bir zaman idi ki, mənfur ermənilər. Azərbaycan torpaqlarıni işğal etməyə ciddi cəhd göstərirdilər. Elşən Drambon kəndi ətrafında gedən döyüşlərdə artilleriya mərmisinin qəlpəsindən ağır yaralanır.
Bir müddət qospitalda müalicə olunur. Müalicəsi başa çatan kimi yenidən “Tərtər Özünümüdafiə Batalyonu”nun sıralarında erməni təcavüzkarlarına qarşı döyüşlərə qoşular. Həyatının ilk günlərindən taleyi üzünə gülməyən Elşən 1993-cü ilin yayında Ağdərə bölgəsinin Lüləsaz yüksəkliyi uğrunda gedən döyüşlərin birində qəhrəmancasına hələk olub, insanlığın ən uca zirvəsinə–şəhidliyə ucalır. Elşənin o zamankı döyüşçü dostları onun igidliyindən, qorxmaz və cəsur olduğundan fəxrlə danışırlar.
Elşən şəhidlik zirvəsinə ucalanda cəmi 23 yaşı vardı. Yaşasaydı indi 47 yaşı olardı.
Adil HÜSEYNOV,
Hüsənli kənd sakini