Bu münasibətlə keçirilən tədbir iştirakçıları öncə Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, xatirəsini etiramla andılar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ətraflı məruzə ilə çıxış etdi. Bildirdi ki, müstəqil respublikamızın hər yerində olduğu kimi 9 ildir ki, rayonumuzda da Dövlət Qulluqçularının peşə bayramı təntənə ilə qeyd olu-nur. Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə iyunun 23-ü Dövlət Qulluqçularının peşə bayramı günü elan edilib.
Azərbaycan xalqı tarixin çətin və mürəkkəb yollarından şərəflə keçib, öz milli-mənəvi dəyərlərini qoruyub saxlaya bilib.
Sovetlər İttifaqı dağıldıqdan sonra dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında normal idarəetmə sistemi Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra yaranmağa başladı.
1996-cı ildə Prezidentin sərəncamı ilə hüquqi islahat komissiyası təşkil olundu.
Həmin komissiya bir necə normativ-hüquqi akt hazırladı. Bu qanunvericilik aktlarının böyük bir qismi dövlət idarəçiliyi sisteminin inkişafına, dövlət qulluğunun təşklinə və təkmilləşdirilməsinə yönəldildi.
2000-ci il iyunun 21-də” “Dövlət Qulluğu haqqında” Qanun imzalandıqdan sonra dövlət qulluğunun tənzimlənməsi ilə bağlı bir sıra qanun, fərman və sərəncam imzalanıb.
Heydər Əliyev ideyalarının layiqli davamçısı cənab İlham Əliyev prezident seçildikdən sonra isə dövlət qulluğuna aid 17 qanun, 6 fərman və 12 sərəncam imzalanıb.
Bu gün Azərbaycanda dövlət qulluqçularının yaxşı işləməsi və xalqa daha yaxşı xidmət etməsi üçün hər cür şərait yaradılıb.
Tədbirdə rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov, rayon ƏSMM-nin direktor müavini Həcər Xeyri, rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Surxay Mirzəyev, İrəvanlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərov çıxış etdilər.
Sonda rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirak edən bir qrup dövlət qulluqçusuna icra hakimiyyəti tərəfindən Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim edildi.
“Yeni Tərtər”