Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Okt

    DSC_7624w_161508503831830658226_1000x669(1)Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər rayonunda məcburi köçkünlər üçün inşa edilən yaşayış məhəlləsində aparılan son tamamlama işləri ilə tanış olub.
    Baş nazirin müavini Tərtər, Ağdam, Laçın və Kəlbəcər Rayon İcra hakimiyyətlərinin başçıları və yaşayış məhəlləsinin tikintisində çalışan şirkətlərin rəhbərləri ilə birlikdə tam orta məktəbə, musiqi məktəbinə və uşaq bağçasına baxış keçirib.
    Bildirilib ki, burada 1176 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə salınan yaşayış məhəlləsinin tikintisində son tamamlama işləri görülür. Layihəyə əsasən yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla, 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub, icma mərkəzi, avtomat telefon stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-ni dördotaqlıdır.
    Baş nazirin müavini Əli Həsənov məhəllədə aparılan son tamamlama işlərinin gedişi ilə yaxından tanış olduqdan sonra tikinti şirkətlərinin rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Əli Həsənov bildirib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılır. Tərtər rayonu ərazisində inşa edilən yaşayış kompleksi də məhz bu diqqət və qayğının bariz göstəricisidir.
    Baş nazirin müavini yaşayış məhəlləsində işlərin keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.
    Tikinti şirkətlərinin nümayəndələri inşaat işlərinin gedişində heç bir problemin yaranmadığını diqqətə çatdırıblar.
    Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov sonra Tərtər rayonunun Şıxarx qəsəbəsinə gedərək, “Marağa-150” abidəsi ətrafında aparılan tikinti-abadlıq işləri ilə maraqlanıb. Bu abidə Rusiya ilə İran arasında 1828-ci ildə bağlanmış “Türkmənçay” müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa–150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb.
    Qeyd edək ki, Ağdam və Tərtər rayonlarında təmas xəttinə yaxın yerləşən yaşayış məntəqələrində 2016-cı ilin aprel ayında erməni silahlı qüvvələrinin atəşi nəticəsində ziyan çəkmiş məcburi köçkünlərin məskunlaşdığı 228 yaşayış evinin bərpası və şəxsi əmlaklarına dəymiş ziyana görə müvafiq vəsait ayrılıb. Ayrılmış vəsait müqabilində Tərtər rayonu üzrə 105 ailə, Ağdam rayonu üzrə isə 15 ailə olmaqla, cəmi 120 ailəyə maddi yardım ödənilib. 182 evdə aparılan təmir-bərpa işləri 2016-cı ilin avqust ayında başa çatdırılıb. Həmin evlərdən 20-si Tərtər rayonu, 162-si isə Ağdam rayonu ərazisində yerləşir.
    Erməni silahlı birləşmələrinin atəşi nəticəsində Tərtər rayonunun Şıxarx, Çaylı, Həsənqaya, Buruc və Əskipara kəndləri ərazisində məcburi köçkün ailələrinin müvəqqəti məskunlaşdığı 78 ədəd dağılmış evin yenidən tikilməsi məqsədi ilə vəsait ayrılıb. Ərazidə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən bərpa işləri aparılıb. Ayrılmış vəsait müqabilində 78 evin tikintisi bu ilin may ayında başa çatdırılaraq məcburi köçkün ailələrinin istifadəsinə verilib.

    Müəllif: Redaktor, 14:17

    Teqlər:

İsmarıclar bağlıdır.