FİDANLAR
Səsgücləndiricidən diktorun səsi eşidilir: “Uzundərə” rəqsi, ifa edirlər Muhsi Əliyev və Şəfiqə Əliyeva”.
Səhnəyə xüsusi geyimdə 2 azyaşlı uşaq çıxır. Onları görcək tamaşaçıların alqış sədaları yüksəlir. Yaşlarına baxmayaraq rəqs fərqli bir əda ilə başlayır. Balacaların rəqsinə hamı diqqət kəsilir. Üzlərdə sevinc, təbəssüm artır. Hətta bir pıçıldaşma da olur. “Bu uşaqlar bacı-qardaşdırlar, ataları hərbiçidir”–deyirlər.
Belə bir mənzərə ilə rayonun bir neçə tədbirində rastlaşmışdım və uşaqlar marağıma səbəb olub. Ona görə də bu azyaşlıları yaxından tanımaq, onlarla söhbət etmək qərarına gəldim və redaksiyada görüşümüz oldu.
Onları redaksiyaya hicablı gənc bir qadın gətirmişdi. Dedi ki, Muhsi və Şəfiqənin anasıyam. Ataları Zaur hərbi hissədə olduğu üçün onları lazım olan yerlərə mən özüm aparıram və bu mənə qürur verir, elə ataları da çox sevinir onların uğurlarına.
–Necə oldu ki, bu balacalarda rəqs etmək bacarığı aşkarlandı? –deyə, soruşdum. Anası Gülnar xanım dillənməmiş, Muhsi müəllim qarşısında cavab verirmiş kimi ayağa qalxıb dedi:
–Mən balaca olanda oynayanlara baxıb öyrənirdim. Sonra məni Elman müəllim öyrətdi.
Məlum olur ki, Muhsi 3 ildən artıqdır uşaq yaradıcıllıq mərkəzinin üzvüdür. Söylədiyi Elman müəllim isə oradakı rəqs dərnəyinin rəhbəridir. Hazırda rəqs dərnəyinin üzvləri arasında Muhsi və bacısı Şəfiqə də var. Onlar öz rəqsləri ilə tamaşaçılarının sevimlisinə çevriliblər. Milli rəqslər olan “Nazilə”, “Naz eləmə”, “Uzundərə” və digərləri bu balacaların sevimli rəqslərindəndir. Rəqs geyimlərini isə valideynləri xüsusi olaraq hazırlatdırırlar.
Onu da bildirim ki, Muhsi şəhər 1 saylı tam orta məktəbin 3-cü sinif şagirdidir, Şəfiqə isə bu il 1-ci sinifə gedir. Hər ikisinin gözəl arzuları var. Muhsi təyyarəçi, Şəfiqə isə həkim olmaq arzusundadırlar.
Bu balaca fidanlarımızdan bir sevinc hissi ilə ayrılıram. Ürəyimdən keçir ki, kaş dünyanın bütün uşaqları, o cümlədən ölkəmizin körpə fidanları bax beləcə qayğısız, sağlam düşüncəli, ata-ana istəyi ilə böyüsünlər, yaşadıqları Vətənin layiqli övladları olsunlar.
Elfuzə VƏLİYEVA