ÖTÜRHAÖTÜR OYUNU VƏ YAXUD “BERMUD ÜÇBUCAĞI”
“Bala Kirpi” həmişə olduğu kimi yenə redaksiyaya baş çəkmişdi. Çöl qapını açıb, içəri girmək istəyəndə yenə də baş redaktorun əsəbi səsini eşitdi.
–A başına dönüm, belə də iş olar?! Durduğumuz yerdə oyuna düşmüşük də! Kimə deyəsən, kimdən deyəsən? Hamı günahı boynundan atır. Ortada günah var, amma günahkar yoxdur.
“Bala Kirpi” çəkinə-çəkinə baş redaktorun köməkçisi Nigar Əmrahovaya yaxınlaşdı:
–Yenə nə olub?
Köməkçi çiyinlərini çəkdi, yəni bilmirəm. “Bala Kirpi”nin təəccübü bir az da artdı. Qorxa-qorxa qapını azca aralayıb içəri baxdı. Gördü ki, “Yeni Tərtər”in baş redaktoru Tofiq Yusif əl-qolunu ölçə-ölçə var-gəl eləyir, redaksiyanın mühasibi Bəxtilə Əliyeva isə sakitcə ona qulaq asır.
“Bala Kirpi” istədi qapını sakitcə örtüb, geri çəkilsin, alınmadı, baş redaktor onu gördü və içəri çağırdı. O da gəlib sa-kitcə mühasibin yanında dayandı.
Baş redaktor “Bala Kirpi”yə qeyzlə dedi:
–A kişinin oğlu, sən çox yeri gəzmiş və çox şeyi görüb-götürmüş bir adamsan. De görüm, günahı olmayan adama cərimə yazarlar?
“Bala Kirpi” başını buladı və astadan: “yox”–dedi.
–Bəs onda “Yeni Tərtər” qəzetinin redaksiyasına niyə cərimə yazırlar? Günahımızın adı nədir?
“Bala Kirpi” mat-məəttəl baş redaktorun üzünə baxdı.
Redaktor yenə əsəbi halda gileyləndi:
–Yaxşı, eşit, izah eliyim. Bax 26 sentyabr 2017-ci il tarixdə, yəni hələ vaxtından da 5 gün əvvəl redaksiya tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin hesabına ödənilməsi üçün “Kapital Bank”ın Tərtər rayon filialına 424 manat 42 qəpik məbləğində (aylıq əmək haqqının 25 faizi) məcburi dövlət sosial sığortası üçün vəsait ödənilib. Bank da həmin 144 saylı ödəniş tapşırığını natamam şəkildə rayon maliyyə idarəsinə göndərib. Maliyyə idarəsi də elə bilib ki, bu, gəlir vergisidir və həmin pulu 11 saylı Ərazi Vergilər Departamentinə göndərib. Bu xəbəri isə bizə DSMF-nin rayon şöbəsinə rüblük hesabat təqdim edərkən, yəni vəsaiti köçürdükdən düz 18 gün sonra–13 oktyabr 2017-ci il tarixində veriblər. Deyiblər ki, redaksiya dövlət məcburi sosial sığortanı vaxtında ödəmədiyi üçün 10 faiz peniya hesablanacaq.
Bu ara baş redaktor ona məlul-məlul baxan “Bala Kirpi”yə tərəf döndü və soruşdu:
–Başa düşürsən də nə deyirəm?
“Bala Kirpi” yenə də başını buladı, yəni yox.
–Ay rəhmətliyin oğlu, sən başa düşməyəndən sonra, mən onları necə başa salım?
“Bala Kirpi” dedi:
–Qağa, vallah, çox qəliz danışırsan ey! Bir az sadə danış, mən də anlayım görüm nə demək istəyirsən.
–Yaxşı, diqqətlə fikir ver. Bax, elə bil ki, redaksiya bank vasitəsilə sənin adına ödədiyi pulu səhvən göndəriblər Məmmədquluya, Məmmədqulu da həmin pulu sənə yox, səhvən verib Allahquluya. İndi Allahqulu bu pula sahib çıxıb, geri qaytarmır yiyəsinə, yəni sənə. Sən də redaksiyaya deyirsən ki, bilmirəm, mənim pulumu tez ol ver! Yoxsa həmin pulun üstünə sələm faizinə oxşar cərimə hesablanacaq, özü də düz 42 manat neçə qəpik. Əgər bu pul tezliklə təkrar ödənməsə, cərimə faizi daha da artacaq.
–Hə, başa düşdüm. Bəs həmin idarələrin başbilənləri nə deyirlər? –“Bala Kirpi” soruşdu:
–“Kapital” Bankın Tərtər filialının müdiri İlqar Bədəlov deyir ki, yaxşı, məşğul olarıq. Bankda həmin əməliyyatı aparan Elmin Əhmədov deyir ki, bizdə günah yoxdur, günah maliyyə idarəsindədir. Maliyyə idarəsindən deyirlər ki, səhv bankındır, bank köçürmə vərəqəsində DSMF sözünü yazmayıb, biz də o pulu gəlir vergisi bilib, Vergilər Departamentinə göndərmişik.
Departamentin Tərtər rayonu üzrə nümayəndəsi İsrəfil Tağıyev isə deyir ki, bizə göndərilən pul geri qaytarılmır, istər səhv olsun, istər düz. Sonra da bir ərizə forması verir ki, yazın, görək neyləyirik.
DSMF-nin Tərtər rayon şöbəsinin müdiri Emin Məmmədov da söyləyir ki, bu hesabların hamısını kompütür aparır. Mən kompüterə əmr edə bilmərəm ki, dayan, peniya hesablama.
Redaksiya da məcbur qalıb, onsuz da kasıb olan büdcəmizdən təkrar 424 manat 42 qəpik pulu oktyabrın 18-də DSMF-nin rayon şöbəsinə ödədi ki, əlavə cərimələr hesablanmasın.
“Bala Kirpi” soruşdu:
–Bəs axırı?
Baş redaktor yenə əsəbi cavab verdi:
–Axırı da odur ki, redaksiyanın halal pulunu bu məsuliyyətsizlər ötürhaötür oyununa salıblar, yəni bizim 424 manat 42 qəpik pulumuz “Bermud üçbücağı”nda batıb. Bu məbləğ isə redaksiyanın 4 nəfər işçisinin aylıq əmək haqqı qədərdir.
Həmin idarələrin heç biri rayon qəzetinə abunə də yazılmır. Di gəl, ayıb olmasın, vur eşşəyi palçıqdan çıxsın.