Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə lazımi tədbirlər görülür.
Bu dəfə rayon icra hakimiyyətinin başçısının qəbulu Seydimli kəndində oldu. Tədbirdə kənd sakinlərindən Ələddin Süleymanov və Akif Məmmədov rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təmin olunmasından razılıq hissi ilə danışdılar. Əhaliyə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıqlarını ifadə etdilər.
Sakinlərdən Surəyya Hüseynova, Mədinə Rzayeva və Məlahət Hüseynova kəndarası yolların və tibb məntəqəsinin təmirinə, əkin sahələrinin suvarılması üçün yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdilər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalini narahat edən məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə danışdı. Sakinlər tərəfindən edilən müraciətlərin yerinə yetirilməsi üçün müvafiq tapşırıqlar verdi.
“Yeni Tərtər”