Orucun mənəvi savabı
Mehriban və bağışlayan Allahın adı ilə!
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz”.
Uca Yaradanın sevimli Peyğəmbəri (s) vasitəsilə bəşəriyyətə hədiyyə etdiyi hikmətlərlə dolu olan ayinlərdən biri də Hicri-qəməri təqviminin 9-cu ayına təsadüf edən ramazan orucudur. Hz. Peyğəmbər (s) buyurur ki, “Ramazanın 70 hikməti var!” Doğrudan da, bu müqəddəs ay başdan ayağa rəhmət, yaxşılıq, imkanlı-imkansız arasında bir körpü, dolayısı ilə toxun acdan xəbəri olan bir aydır. 6-cı imam Hz. Cəfər Sadiq (ə) buyurur: “Ramazanın ən böyük məziyyəti bundan ibarətdir ki, aclığın, məhrumiyyətin nə olduğunu bilməyən insanlar (təbii ki, müsəlmanlar) ramazanda oruc tutaraq ac-susuz qalsınlar və kasıb, imkansızların halını anlayıb, onlara kömək əlini uzatsınlar, onlara yardım etsinlər”. Buna görə də Hz. Peyğəmbər (s) buyurub: “Bir müsəlman bu ayda öz günahlarını bağışlada bilmirsə, qeyri aylardan əlini üzsün”. (Yəni, bu ay ən gözəl fürsətdir günahın istiqdarı üçün, tövbə üçün).
Ramazan belə bir əzəmətli aydır ki, bir savaba on savab yazılar. Ramazanda belə bir əzəmətli gecə var ki, min aydan daha xeyirlidir Allah qatında. Bu barədə Quranın 97-ci, “Qədr” surəsində xəbər verilir.
Bu müqəddəs və əzəmətli ay bu ilin, yəni 2015-ci ilin iyun ayının 18-ə təsadüf etdi. “Qədr” gecəsi dəqiq məlum olmadığı üçün adətən 3 gecədə qərarlaşdırılıb, 5 iyul 1-ci qədr gecəsi, 7 iyul-2-ci, iyulun 9-u isə 3-cü qədr gecəsi sayılır.
Ramazan orucunu 9 əməl pozar: 1. Yeyib-içmək. 2. Tozun-tüstünün udulması. 3. İstimna-Onanizm. 4. Allahın, Peyğəmbərinin (s) və İmamətin (ə) adından yalan danışmaq. 5. Cinsi yaxınlıq. 6. Başı bütünlüklə suya salmaq. 7. Cünub halından sübh azanına qədər napak qalmaq. 8. İmalə. 9. Qəsdən qusmaq.
Düzdür, bu 9 əməl orucu pozar, ancaq diqqət yetirilməli bir əməl də var; oruclu adam qətiyyətlə qeybət, böhtan, göz, qulaq, dil günahından uzaq olmalıdır! Hz. Zəhra (s.ə) buyurur: “Əməllərinə diqqət yetirilmədən tutulan oruc özünü ac qoymaqdan başqa bir şey deyildir!” Yəni, mənəvi feyzindən, savabından məhrum olar. Bir göstərişə də diqqət yetirmək lazımdır; qidalanmaq məsələsinə. Hz. Peyğəmbərimiz (s) istər sahurda, istərsə də iftarda xurmadan istifadə etməyi buyurmuşdur. Məsələ burasındadır ki, “Quran”da adı çəkilən meyvələrdən biri olan xurma ərəb dünyası üçün “səhra çörəyi” simvoludur. Araşdırmalardan aydın olub ki, təbii şirniyyat olan xurma insana güc verir, böyrək, ürək, qaraciyəri möhkəmləndirir. Bağırsaqlarda olan faydalı bakteriyaların inkişafına yardım edir. Quru xurmada 70% şəkər olur ki, bu da istənilən meyvədə olandan çoxdur.
Rəhmli və Mərhəmətli olan Rəbbimiz bütün müsəlman ümmətinə ramazanlı günlərimizi mübarək etsin. Bu ay hörmətinə hər kəsin arzu, diləyi qəbul olsun Dərgahi İlahidə, amin Ya Rabbəl aləmin.
Saleh Əbilov