Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Okt

    MUĞAMIN SEHRİ

    Изображение 077новый-1111Milli musiqimizin tacı sayılan muğamlar Azərbaycan musiqisinin özülünü təşkil edir. İnsanda ülvi hisslər oyadır, həyatda, mənəvi aləmimizdə nur çələnginə bənzəyir muğam. Muğamlarımıza qulaq asdıqca zənginləşirik, bəsit fikirlərdən uzaqlaşaraq büllurlaşıb, paklaşırıq, xeyir-xahlığa can atırıq, bu qarışıq həyatımızda qəhrəmanlıq salnaməsinə çevrilir muğam.
    Azərbaycan muğamları ifaçıdan–ifaçıya ötürülərək inkişaf etdirilmiş, bu günümüzə kimi gəlib çıxaraq milli sərvətimizə çevrilmişdir.
    Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyov yeddi əsas muğamların psixoloji-emosional təsirindən bəhs edərək qeyd edir ki, “Rast” dinləyicilərdə mərdlik və gümrahlıq hissi, “Şur” şən, lirik əhval-ruhiyyə, “Segah” məhəbbət hissi, “Şüştər” dərin kədər, “Cahargah” həyacan və ehtiras, “Bayatı-Şiraz” qəmginlik, “Humayun” daha dərin bir kədər hissi oyadır.
    Azərbaycanın görkəmli xalq şairi Bəxtiyar Vahabzadə muğam haqqında belə deyir:
    Daş ürəklərdə yanıb daşları sındırdı muğam,
    Haqqa düşmən olanı haqqa tapındırdı muğam.

    Nə güman eyləmisən ondakı tilsimləri sən,
    “Kürü ahıyla qurutdu”, “Salı yandırdı” muğam.

    Onun hər guşəsi bir xatirə, bir canlı kitab,
    Keçilən yolları hərdən bizə andırdı muğam.

    Su çilər kinli ürəklərdə qəzəb tonqalına,
    Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam.

    O, ürək yanğısı, göz yaşları, bir çəngə bulud,
    Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.

    Dəfn edin siz məni Zabul segahın mayəsinə,
    Deyirəm, bəlkə, məni bir gün oyandırdı muğam.

    003Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
    Mənə çox mətləbi ahəstə qandırdı muğam.
    Əbəs deyildir ki, görkəmli sənətkarlarımız, xanəndələrimiz, muğam ifaçılarımız xalqın bu milli sərvətini qoruyaraq və yaşadaraq musiqimizin tacına çevirmişlər. Regionlarımızda bu xalq musiqisinin yeni ifaçılarının aşkarlanıb üzə çıxarılması üçün bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsinə önəm verilir. Rayon musiqi ocaqlarında fəaliyyət göstərən muğam–səs şöbələrində təhsil alan gənclər milli musiqimizin davamçılarına çevrilirlər. Belə gənclərin püxtələşməsində təcrübəli xanəndələrin zəhməti misilsizdir. Regionlarda fəaliyyət göstərən tanınmış və məktəb görmüş xanəndələrdən söz düşəndə Mirtağı Mənsimovun və onun həyat yoldaşı Leyla Bayramovanın da adı fəxrlə çəkilir. Onlarla görüşüb, musiqi dünyasından, və bu dünyanın sehrindən söz açdıq.
    Mirtağı müəllim əslən Ağdam rayonunun Sarhaclı kəndindəndir. Leyla Bayramova isə doğma Tərtərimizin övladıdır. Hər ikisi Ağdam musiqi ocağının–Üzeyir Hacıbəyov adına musiqi məktəbinin yetirməsidir. Muğam–səs şöbəsini bitiriblər. Görkəmli sənətkarlar Arif Babayevdən, Şahmalı Kürdoğlundan, Mais Salmanovdan, Barat Fərhadovdan, Aydın Məmmədovdan ustad dərsləri alıblar. Texnikumda təhsil aldıqları müddətdə öz təhsil və bacarıqları ilə, səs diapazonları ilə fərqləniblər. Oxuduqları “Rast”, “Şur” muğamları “Mirzə Hüseyn”, “Zabul” segahları munsiflər heyətlərinin və tamaşaçıların alqışları ilə qarşılanıb. Hətta onları texnikumun opera studiyasında məşhur operalar da oy-namağa dəvət ediblər. “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah İsmayıl” operalarını milli orkestrlə birlikdə Şuşada, Cıdır düzündə, Məhəmməd Füzuli adına “Rast” ansamblı ilə birlikdə ölkənin müxtəlif rayonlarının səhnələrində məharətlə çıxış ediblər. “Leyli və Məcnun” operasında görkəmli pedaqoq-sənətkar Arif Babayevlə, Mənsum İbrahimovla birlikdə iştirak ediblər.
    1992-ci ilə qədər Mirtağı Mənsimov Ağdam rayonunda Xan Şusinski adına musiqi məktəbində, Leyla Bayramova isə təhsil aldığı Üzeyir Hacıbəyov adına musiqi məktəbində müəllim işləyiblər. Hazırda Leyla müəllim Ağdamda, Mirtağı müəllim isə 1992-ci il-dən Tərtər rayon uşaq musiqi məktəbində çalışırlar. 30 il-dən çoxdur ki, musiqi dünyasının pərvanəsinə çevrilib onlar. Oxuduqları muğam dəsgahları, təsniflər, operalarda yaratdıqları obrazlar dinləyici və tamaşa-çıların alqışları ilə qarşılanıb. Dəfələrlə fəxri fərmanlara layiq görülüblər.
    Mirtağı müəllim bir açıqlama verdi: “Həm tərəf müqabilimin, həm də həyat yoldaşımın əslən adı Mariyadır. Leyli obrazını çoxlu sayda ifa etdiyi üçün görkəmli sənətkarımız Arif Babayev ona Leyla deyə müraciət edirdi. Bu tələbəlik illərinə təsadüf etmişdi. 22-23 yaşımızdan üzü bəri hamı onu Leyla Bayramova kimi tanıyır”.
    Bu gün musiqi dünyasının bələdçilərinin çoxlu sayda yetirmələri respublikanın musiqi ocaqlarında, hətta, bəziləri özləri ilə bərabər çiyin-çiyinə çalışırlar. Mirtağı Mənsimovun şagirdləri dəfələrlə muğam müsabiqələrinin iştirakçısı olub. Leyla Bayramovanın son zamanlarda hazırlaşdırdığı uşaqlar qardaş Türkiyədə keçirilən müsabiqənin qalibləri seçiliblər. Hazırda Mirtağı müəllimin yetirmələrindən olan Rusif Mirzəyev, İntizam Qasımov, Kənan Hüseynov onunla çiyin-çiyinə müəllim işləyirlər. Ülkər və Tacir Abdullayevlər, Mirismayıl Mahmudov Bakı şəhərindəki musiqi ocaqlarında təhsillərini davam etdirirlər. Bu məzunların sayı onlarladır.
    Mirtağı müəllimin ailəsini musiqiçi ailəsi adlandırmaq olar. Oğlu Mirəziz ata-anasının yolunu davam etdirərək Bakı şəhərində Xan Şusincki adına muğam musiqi məktəbində muğam-səs müəllimi işləyir. Qızları Şəbnəm və Məhsəti Mirtağı müəllimin dərc dediyi musiqi məktəbində pianino müəllimidirlər. 6 nəvəsindən biri Ləman musiqiçi ol-maq arzusu ilə musiqi məktəbinin fortepiano şöbəsinin 2-ci sinfində oxuyur. Ata və ana övladları ilə fəxr edirlər.
    Biz isə bu musiqi ailəsinə daha böyük uğurlar arzulayırıq.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 10:28

    Teqlər:

İsmarıclar bağlıdır.