Bismillahir Rəhmanir Rəhim. Mehriban və Rəhimli Allahın adı ilə!
Bəşəriyyət xəlq olunandan üzü bu yana tarixdə bir çox qanlı döyüşlər baş vermiş, onlardan bəziləri unudulub getmiş, lakin çox az sayda müharibələr yaddaşlara yazılaraq əsrlərlə unudulmamışdır. Belə döyüşlərdən biri hicri təqvimi ilə 61-ci ildə əməvi xəlifəsi, Yezid İbn Müaviyyənin İslamın əziz Peyğəmbərinin (s) nəvəsi, 3-cü imam Hüseyn İbn Əli (ə) və onun ailə üzvlərinə qarşı Kərbəla çölündə baş verdi. Çox dəhşətli bir müharibə! Sayı 30000-ə (otuz min) çatan bir ordu əksəriyyəti öz yaxın qohumlarından olan və sayları heç yüz əlli nəfərə çatmayan, imam Hüseynin (ə) kiçik bir dəstəsinə qarşı sipər çəkilib!
Bu döyüş ona görə unudulmur ki, haqla nahaq qarşı-qarşıya dayanıb, bir tərəfdə əzəmətli bir səbr, susuz səhranın dili-dodağı quruluqdan parçalayan istisi müqabilində bir dözüm, digər tərəfdə suyun qarşısına özlərini sipər edərək öz Peyğəmbərinin (s) sevimli nəvəsini və onun bütün ailə üzvlərini dəhşətli susuzluğa məruz qoyan böyük bir vicdansız ordu!
Tarixdə qeyd olunur ki, Yezid hakimiyyətə gəldikdən sonra çox böyük haqsızlıqlara əl ataraq, xalqını incitməyə başladı. Başı içkiyə o qədər aludə olmuş, günləri eyş-işrət içində o qədər itib-batmışdı ki, özünün rəhbər olduğunu unutmuşdu. Onun bu murdar hərəkətlərindən bezən xalq, Peyğəmbərimizin (s) əziz nəvəsi, imam Hüseynə (ə) məktub yazaraq öz zülümlərini izhar edirdilər. Nəhayət, niyyəti qətiyyən müharibə etmək olmayan imam (ə) öz əhliəyalı ilə Şam şəhərinə (indiki Dəməşq) yola düşdü. Yazıçı Çarlz Dikkens qeyd edir: “Əgər imam Hüseynin (ə) qiyam etməkdə məqsədi öz dünyəvi istəklərinə çatmaq idisə, mən başa düşə bilmirəm ki, nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak etmişlər. Ağıl belə hökm edir ki, o, yalnız İslam yolunda bu fədakarlığı etmişdir”.
İmam (ə) və yanında olanlar İraq ərazisində, indiki Kərbəla çölündə qarşıları kəsilərək şəhid edildilər. Lakin onların şəhadətə çatması Yezidin həlakını yaxınlaşdırdı.
O hadisədən 1334 il keçir, ancaq insana elə gəlir ki, hadisə lap bu yaxınlarda baş vermişdir. Xalqımız öz sevimli Peyğəmbərinin (s) hörmətinə onun istəkli nəvəsi olan imam Hüseynin (ə) matəm ayını əziz tutaraq, bu ayda (Məhərrəm ayında) hansısa bir xeyir işini, şadlıq mərasimini təxirə salır, öz sevgisini şəhidlərə belə çatdırır, onlara ehsanat verib, ruhlarına dualar oxuyur. Əlbəttə, bu zaman öz ərazimizdə şəhid olanlar da bir daha yad olunur. Allah Taala bütün şəhidlərə rəhmət eləsin, onların ruhunu şad eləsin. İnşəallah, şəhidlərimizin ruhunu zəbt olunmuş torpaqlarda dualarla yad edək. Amin!
Saleh ƏDİLOV