Cari ildə digər kənd təsərrüfatı bitkiləri ilə yanaşı 20 hektar sahədə pambıq əkib becərmişik.
Fermer Elcin İbrahimov 2 hektar, mən isə 3 hektar sahədə pambıq əkmişəm. Becərmə, suvarma işlərində ailə üzvlərim, yaxın qohumlarım iştirak ediblər. Səpindən başlamış indiyədək pambıqçılıqda tələb olunan bütün aqrotexniki tədbirlər yüksək səviyyədə yerinə yetirildiyindən, tarlalarda yaxşı məhsul hasilə gəlib. İndi dümağ pambıq kolları göz oxşayır. Sahənin hər kvadratmetrindəki şaxlarda 80-100 qoza var. Bu da hər hektardan ən azı 35-40 sentner “ağ qızıl” deməkdir.
Məqsədim məhsulu pambıqyığan maşınla toplamaqdır. Buna görə bitkilərin yarpaqlarının tökülməsi üçün sahələrə dərman vurmuşuq. Yaxın günlərdə pambıqyığan maşını tarlaya çıxaracağıq. Məhsulun itkisiz toplanması üçün texnikanın sazlığı da təcrübəli mexanizatorlar tərəfindən yoxlanılıb. Bir sözlə, hər şey qaydasındadır. Çalışırıq ki, zəhmətlə becərdiyimiz məhsulu son qozasınadək toplayaq.
Vüqar MAHMUDOV,
Bayandurlu kəndində fermer