(CAMAAT ARASINDAKI SÖZ-SÖHBƏTLƏRDƏN)
“İşsizliyin qarşısını alırıq”
–Kəndlərimizdəki mədəniyyət obyektlərinin aylarla bağlı qalan qapıları nə vaxt açılacaq?–deyə, Tərtər Rayon Mədəniyyət və Turizm Şöbəsinin başbilənlərindən soruşsaq, deyəcəklər ki, regiona tabeyik, gedin onlardan soruşun.
–Bəs havayı yerə onlara verilən külli-miqdarda əmək haqqının axırı necə olacaq?
–Onları işdən çıxarıb, işsizliyin faizini yüksəldə bilmərik ki! Elə hesab edin ki, dövlət onlara yardım göstərir.
“Onda universitet olardı ki!…”
Əgər 96 saylı orta Texniki Peşə Məktəbinin rəhbərlərindən soruşsaq:
–Jurnallarda adları yazılmış şagirdlərin hamısı dərsə gəlirmi?
Deyəcəklər:
–Onda bura universitet olardı ki!…
“Bir ştat neçə yerə bölünə bilər?”
Bu sualı Tərtər rayon Uşaq Musiqi Məktəbinin direktoruna versək, deyəcək ki, baxır ştat vahidinə, lazım gəlsə 2-yə də, 3-ə, lap 4-də də bölünə bilər.
“İşığa da sərinləmək lazımdır”
–Niyə son zamanlar işıqlar tez-tez sönür?–deyə, Tərtər Paylayıcı Elektrik Şəbəkəsindən soruşsaq, cavab verəcəklər:
–Rəhmətliyin oğlu, bu ilki istinin cırhacırından xəbərin var? İşıq da istilənir də. Aradabir sərinləməlidir, ya yox?
“Gedin, ermənilərdən azad edin”
–Yayda niyə kanallarımızdan su gəlmir? Əkin-biçin yanır, axı!–deyə, rayonun suvarma sistemləri idarəsindən soruşsaq cavab verəcəklər ki:
–Gedin Sərsəng Su Anbarını ermənilərdən azad edin, kanallardan da normal su gəlsin.
“Hüquqları məhdudlaşdıra bilmərik”
Dövlət Yol Polisi işçilərindən soruşsaq ki, rayonda bu “xalturşik”lərin hoqqalarına və hər an yaratdıqları təhlükələrə, əsəb gərginliyinə nə vaxt son qoyulacaq?
Deyəcəklər:
–Biz insanların azadlıq və sərbəstlik hüquqlarını məhdudlaşdıra bilmərik.
“Şükür elə ki, biryolluq kəsilmir”
–Qağa, bu qaz hərdənbir niyə kəsilir?–deyə, Tərtər Qaz İstismarı İdarəsinin müdirlik taxtında əyləşənlərdən soruşsaq, bizə acıqları tutacaq:
–Gedin Allahınıza şükür edin ki, biryolluq kəsilmir! Balam, bilmirsiniz ki, bunun qəzası var, təmiri var, qulluğu var?!
“Məktubların qanadları yoxdur”
Rayon poçtunun ərkəsöyün müdirindən soruşsaq ki:
–Ay gözəl oğlan, poçtamtın yerlərindəki filiallarında özbaşınalıq olduğunu bilirik, bəs şəhərdəki idarələrin bir-birilərinə yazdıqları rəsmi məktublar niyə 10-15 günə ancaq gedib çatır?
Cavab verəcək:
–Məktubların qanadları yoxdur ki, uçub tez çatsın.
“Ağzında bazar deyirsən”
Bazarda bir səliqə-səhman yaratmaq olmaz?–deyə, sual etsək, deyəcəklər:
–Yox, olmaz! Ağzında “Bazar” deyirsən.
Qələmə aldı: Tofiq YUSİF