Təhsil işçiləri əvvəlcə mərkəzi meydanda Ulu Öndərin xatirəsini yad edərək abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Tədbir Mədəniyyət Mərkəzinin zalında davam etdirildi.
Rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev konfransı açıq elan edərək, təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi. Surxay Mirzəyev “2016-2017-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə” məruzə etdi. Məruzəçi bildirdi ki, rayon məktəbliləri 2016-2017-ci tədris ilində müxtəlif fənn olimpiadalarında, yarış və müsabiqələrdə iştirak edərək qalib olmuşlar. Bu il ali təhsil ocaqlarına sənəd verən 332 nəfərdən 215 nəfəri ali (onlardan 185 nəfəri builki, 35 nəfər isə əvvəlki illərin məzunlarıdır), 65 nəfəri isə orta ixtisas məktəblərinə daxil olmuşdur. Onlardan 10 nəfəri 600-dən yuxarı, 19 nəfəri 500-dən yuxarı bal toplamışdır.
6 nəfər C.Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur.
Təhsil şöbəsinin müdiri müəllimlərin diaqnostik qiymətləndirilməsindən də söhbət açdı. Qeyd olundu ki, diaqnostik qiymətləndirmədə iştirak edən 1114 nəfər müəllimin ixtisas üzrə 91 nəfəri, metodika üzrə isə 521 nəfəri 0-10 arası bal toplamışdır.
Məruzə ətrafında Cəmilli kənd tam orta məktəbinin direktoru Rəşad Şahbazov, Köçərli kənd tam orta məktəbinin məzunu Tural Yunisli (638 bal), şəhər 5 saylı tam orta məktəbin məzunu Fəridə Arazzadə (628 bal), Qazyan kənd ümumi orta məktəbin gənc müəllimi İlahə Kərimli çıxış etdilər.
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Sübhi Kazımov çıxış edərək təhsil işçilərini yeni dərs ili münasibəti ilə təbrik etdi və qarşıda duran vəzifələrdən danışdı.
Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun təhsil işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzuladı. Son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı danışdı.
Tədbirin sonunda bir qrup təhsil işçisinə rayon icra hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr verildi.
“Yeni Tərtər”