Tərtər Rayon İcra Hakimiyyəti təhsil şöbəsi ilə birlikdə ali məktəblərə daxil olmuş gənclərlə görüş keçirib. Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, onun xatirəsini böyük ehtiramla yad ediblər. Sonra tədbir rayon mədəniyyət mərkəzində davam etdirilib.
Rayon təhsil şöbəsinin işçilərinin, məktəb direktorlarının, qabaqcıl təhsil işçilərinin və yüksək bal toplayan gənclərin iştirakı ilə keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək yüksək bal toplayıb ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini təbrik etdi, gənclərə uğurlar arzuladı.
İcra başçısı göstərdi ki, “Təhsil millətin gələcəyidir”,-deyən Ümummilli Lider Heydər Əliyev respublikamızın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu bildirmiş və Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə təhsilin inkişafına yüksək qayğı göstərmişdir.
Rayon rəhbəri sonra qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyev də ölkəmizdə təhsilin inkişafına böyük önəm verir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qəbul olunması bunun bariz nümunəsidir.
Daha sonra icra başçısı rayonumuzda təhsilin vəziyyətindən danışaraq, bu il ali təhsil ocaqlarına sənəd verən 332 nəfərdən 215 nəfərinin ali (onlardan 180 nəfəri bu ilki, 35 nəfər isə əvvəlki illərin məzunlarıdır), 65 nəfərinin isə orta ixtisas məktəblərinə daxil olduğunu qeyd etdi. Onlardan 10 nəfəri 600-dən, 19 nəfəri isə 500-dən yuxarı bal top-lamışdır. 600-dən yuxarı bal toplayan 10 nəfərin 3 nəfəri şəhər 1 saylı, 2 nəfəri şəhər 5 saylı, 1 nəfəri 6 saylı, 1 nəfəri 2 saylı, qalanları isə Cəmilli, Köçərli, Sarov kənd tam orta məktəbinin məzunlarıdır. Ali məktəblərə qəbul zamanı şəhər 1 saylı (44 nəfər), şəhər 2 saylı (10 nəfər), Azadqaraqoyunlu (11 nəfər), Sarov (10 nəfər) kənd tam orta məktəbləri fərqlənmişlər.
6 nəfər C.Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur.
Təəssüflər olsun ki, 2016-2017-ci dərs ilində Səhlabad, Əskipara, İsmayılbəyli, Borsunlu kənd tam orta məktəblərindən bir nəfər belə ali məktəblərə qəbul olunmayıb.
Sonra şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova, Cəmilli kənd tam orta məktəbini qızıl medalla bitirmiş, 659 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş Cümşüd Qurbanov, Sarov kənd tam orta məktəbinin məzunu Pərvanə Süleymanlı (641 bal), Sarov kənd tam orta məktəbinin məzunu Mətanət Mehdilinin valideyni Səxavət Baxşalıyev çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik ediblər.
Tədbirdə iştirak edən Tərtər rayonundan Milli Məclisə deputat seçilmiş Sahib Alıyev, Milli Məclisin İqtisadi-Siyasət-Sənaye və Sahibkarlıq Komitəsinin sədr müavini Ağalar Vəliyev də gəncləri təbrik ediblər.
Tədbirin sonunda 600 və 500-dən yuxarı bal toplayan tələbələrə rayon icra hakimiyyəti, Milli Məclisin deputatları, YAP rayon təşkilatı, təhsil şöbəsi, gənclər və idman idarəsi tərəfindən hədiyyələr, Fəxri fərmanlar və pul mükafatları verildi.
“Yeni Tərtər”