MAMIRLIDA GÖRDÜKLƏRİMİZ
Rayonumuzun iri inzibati ərazi dairələrindən biri də Mamırlıdır. Bu dairə iki kəndi–Mamırlı və Poladlı kəndlərini əhatə edir. Kəndlərin fermerləri bu il 65 hektar sahədə buğda və 130 hektarda arpa becərmişdilər. Hər iki sahədə aqrotexniki tədbirlər vaxtlı-vaxtında və keyfiyyətlə aparıldığı üçün buğda zəmilərinin hər hektarında məhsuldarlıq 38 sentnerə, arpa sahələrində isə 39 sentnerə yüksəldi. Bu işdə fermerlər Cümşüd Məmmədov, Məhər Allahverdiyev, Namiq Məmmədov və Sərhəd Vəliyev daha çox əmək sərf etmişlər.
Mamırlı kənd İnzibati Ərazi Darirəsində təsərrüfat işlərinin gedişi ilə yaxından tanış olmaq üçün kənd icra nümayəndəsi Şikar Əliyev, Mamırlı Bələdiyyəsinin sədri Kamal Quliyev və icra nümayəndəsinin müavini Şahid Məmmədovla birlikdə pambıq, tarlalarına, çuğundur plantasiyalarına, yonca sahələrinə baxdıq. Günortanın istisi olmasına baxmayaraq, fermer Elbrus Salahov pambıq tarlasında idi. Burada pambıq kolları yaxşı inkişaf etmişdi. Belə məhsulun necə hasilə gətirildiyini Elbrus Salahovdan soruşanda dedi ki, bizim Mamırlı torpağı çox məhsuldardır. Lakin sahələrimizə axar su gəlib çıxmır. Nə əkiriksə, onu artezianların hesabına suvarırıq. Ərazidə işləyən 20 subarteziandan başqa dayaz quyular da qazmışıq.
O, yerin başındakı dayaz quyunun üstündəki elektrik mühərrikinin düyməsini sıxdı, mühərrik işə düşdü. Sahəyə əməlli-başlı su axdı. Gülə-gülə dedi:
–Bax, bu hesaba bitkilərdə həm normal inkişaf var, həm də bol məhsul. İndi ölkə Prezidenti İlham Əliyev pambıqçılığın inkişafına xüsusi qayğı gösərir. Əkinçiyə verilən subsidiyalar, pambığın hər kiloqramının satış qiymətinin artırılması bu sahədə çalışanların işə marağını qat-qat artırıb.
Kənd icra nümayəndəsi Şikar Əliyev ölkədə qeyri-neft sektorunun inkişafına dövlət dəstəyindən, kəndlinin əməyinə verilən yüksək qiymətdən danışmaqla yanaşı qeyd etdi ki, gördüyünüz bu yaşıllıqların hamısı ərazidə olan subartezian quyularının normal işləməsinin nəticəsidir. Bu il ərazidə 140 hektarda pambıq, 26,5 hektarda şəkər çuğunduru və 380 hektarda yonca becərilir.
Pambıq və çuğundur tarlalarında 4 becərmə gedib. Yoncalıqlar 3 dəfə biçilib. Dördüncü biçinə az qalıb. Pambıq tarlalarında və çuğundur sahələrində yaxşı məhsul var. Fermerlər Emin Quliyev, Xələf Musayev, Seymur Məmmədov, Eldəniz Salahov, Azad Azadlı və başqaları əkib becərdikləri sahələrdən bol məhsul götürməklə ölkə Prezidentinin çağırışına əməli işləri ilə cavab verirlər.
ŞƏHİD ATASI İLƏ GÖRÜŞ
Biz Mamırlı kənd sakini, 78 yaşlı şəhid atası Albert Heydərovla evində görüşdük. Albert kişinin 5 oğlu, 2 qızı olub. Onun bir oğlu–Etibar Heydərov 1993-cü ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Etibarın 1 qızı qalıb. O da ailəlidir. Yoldaşı Heyran evdar qadındır.
Albert kişi əvvəllər kolxozda müxtəlif məsul vəzifələrdə çalışıb. Kənddə indi hamı onu həm bir şəhid atası kimi, həm də el ağ-saqqalı, yaxşı bir insan kimi tanıyır, hörmətini saxlayır. Şəhid oğ-lu Etibardan söhbət düşəndə körvəldi və dedi:
–Oğul vətənini, torpağını, ailəsini, elini-obasını qorumaq üçündür. Yəqin ki, bu da onun alın yazısı imiş.
Sözünün davamı olaraq Albert kişi dedi ki, torpaqlarımız yağı düşmən tapdağından azad olsaydı, onda şəhidlərimizin də ruhu sakitləşərdi. Allah vətən, torpaq uğrunda canlarından keçən cəmi şəhidlərimizə rəhmət eləsin!
* * *
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə bu 2 kənd 9 şəhid verib. Onun 4-ü Poladlıdan, 5-i isə Mamırlıdandır.
Vaxtilə Mamırlı kəndində vətən uğrunda qurban gedən bu igid oğulların ruhu xatirinə “şəhidlər xiyabanı” salınıb. Lakin abidənin üstündəki o vaxt kiril əlifbası ilə yazılmış yazılar, dəyişilməli və abidənin ətrafı yenidən abadlaşdırılmalıdır.
BAĞLI QAPILAR
Ərazidə olarkən öyrəndik ki, burada tam ota, ümumi orta məktəb, mədəniyyət evi, 3 kitabxana, 6 ticarət obyekti, 3 bərbərxana, poçt, 100 nömrəlik elektron ATS kənd sakinlərinə xidmət edir.
Həmin gün iş vaxtı olmasına baxmayaraq kitabxanaların hamısının, mədəniyyət evinin və poçt filialının qapıları bağlı idi.
Bizə belə gəlir ki, bu obyektlərin tabe olduqları təşkilatların rəhbərləri arada kəndlərə baş çəksələr yaxşı olar.
Qələmə aldı: Əvəz NƏSİROV,
Fotolar Kənan HÜSEYNZADƏNİNDİR