Mən Kovdadıq kəndində yaşasam da, Bəyimsarov kəndindən 30 hektar torpaq sahəsi icarəyə götürüb pambıq əkmişəm. Artıq çoxdan gözlədiyimiz gün gəlib çatdı. Bir zaman cərgəaralarında becərmə işləri görən insanlar indi ağ önlük bağlayaraq pambıq toplanışına başlayıblar.
Sahəmizin yaxınlığında subartezian quyusu var. Bu il həmin artezianın köməyilə bitkiləri vaxtlı-vaxtında, keyfiyyətlə suvardığımıza görə tarlalarda bol “ağ qızıl” hasilə gəlib. Pambıqçı qızlarımızdan Sücayət, Əfsanə Hüseynovalar, Sevda Rəcəbova, Rəfiqə Quliyeva hər gün adama xeyli pambıq toplayırlar. Yığıma başladığmı ilk günlər məhsul toplanışına 7-8 nəfər çıxırdı. Onların sayı günbəgün artır.
Hamılıqla məqsədimiz gərgin zəhmət hesabına hasilə gətirdiyimiz məhsulu son qozasınadək itkisiz toplayıb qəbul məntəqəsinə təhvil verməkdir.
Tarlalarımızda məhsul boldur. Nəzərdə tutmuşuq ki, bu il qəbul məntəqəsinə 100 tondan çox məhsul təhvil verək.
Adam çəkdiyi zəhmətin bəhrəsini görəndə, sevinci aşıbdaşır.
Bununla da biz ölkə Prezidenti İlham Əliyevin pambıqçılığı inkişaf etdirmək çağırışına əməli işimizlə cavab veririk.
Namiq PAŞAYEV,
Kovdadıq kəndində fermer