Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20Sen

    DOQQUZUNCU DALĞA

    Umudluновый-211Xalqımız həmişə vətən, yurd sevərliyi ilə seçilib. Vətənə, yurda bağlılıq onun mental xüsusiyyətlərindəndir.
    Bəs nədən başlanır vətənpərvərlik, vətən sevgisi?
    Bu, hər şeydən əvvəl ana laylası, ana südüylə hopur ruhumuza və varlığımıza. Beşik, doğma od-ocaq, udduğumuz ilk vətən havası yurd anlamını, yurd sevgisini doğurur, cücərdir. Onun hər qarışını tanıyır və sevirsən. Şüurunda bu yurd anlamı, qəlbində bir yurd sevgisi formalaşır. Bu doğma yurddur–kiçik vətəndir.
    Kiçik vətəndən başlanır böyük vətən.
    Yurd sevgisindən başlanır vətən sevgisi, vətən məhəbbəti. Çay bulaqdan, dəniz çaydan başlanan kimi.
    Vətəni seçmirlər. Tanrı töhfəsi kimi qəbul edir, sevir və qoruyurlar Vətəni.
    Anarın Dədə Qorqudun diliylə dediyi kimi: “Torpağı əkməsən qorumağa, qorumasan əkib-becərməyə dəyməz”.
    Ana Vətən anlamının özəyində Ana Torpaq anlamı durur.
    Biz ondan intişar tapır, ona qayıdırıq.
    DSC_3307Unutmayaq ki, “Torpaq əgər uğrunda ölən varsa, Vətəndir”. Hər şeydən əvvəl anaya, ataya, doğmalara, həm-vətənlərə, nəhayətdə, xalqa, onun gözəl adət-ənənələrinə, mənəvi dəyərlərinə, şanlı tarixinə sevgidən doğulur vətənpərvərlik.
    Vətən sevgisi imandandır.
    Vətən sevgisinə aparan yol ürəkdən keçir. Yəni bu sevgini biz beynimizlə, təfəkkürümüzlə deyil, hisslərimizlə, duyğularımızla əxz edirik və o bizim ömur amalımıza çevrilir.
    Vətəni sevən, onun yolunda hər fədakarlığa hazır olan insanlara vətənpərvər deyirlər.
    Bu baxımdan öz doğma kəndim Umudlunu xatırlamaya bilmirəm .
    Başı çox bəlalar çəkmiş bu kənd aran relyefli dağlar gözəliydi. Füsunkar bir vadidə, meşəli dağların əhatəsində qərar tutmuşdu. Təbiət bu kənddən heç nəyi əsirgəməmişdi. Suyu, havası, cənnət meşələri tanrı töhfəsi idi. Başının üstündə əzəmətli Murov ucalır, ayağı Göygölün əkiz baçısı Sərsənggölə söykənirdi.
    Gözəl şərait gözəl də insanlar yetişdirir.
    Erməni kəndlərinin tam əhatəsində olan bu kənd dəfə-dəfə dağıdılsa da, soyqırıma məruz qalıb 350 nəfərini itirsə də, sakinləri onu tərk etməmiş, hər dəfə yurd çırağını yenidən yandırmışlar. (Bu ağrılı mövzu geniş tədqiqatlara möhtacdır).
    1988-ci ildə də belə oldu. Mühasirə şəraitində yaşayan bir kənd özünə güvənərək özünümüdafiəyə qalxdı. Kənd özünümüdafiə dəstəsi yaradıldı və mən özünümüdafiə işinə rəhbər təyin edildim. Silahımız olmasa da, qeyrətimiz vardı. Ən yaxın azərbaycanlı yaşayış məntəqəsinə (Tərtərə) məsafə 50 km idi. Əlaqə vasitəsi yalnız helikopterlərdi.
    Camaatımız yüksək intizam nümayiş etdirdi. Yaşından, vəzifəsindən asılı olmayaraq hamı bir nəfəri eşidir, verilən tapşırıqlar, əmrlər sözsüz yerinə yetirilirdi.
    Gündüz çalışan əllər, gecələr səngərlərdə silah tuturdu.
    180 evdən yalnız beş-altısının qapısı bağlı idi. Cədvəllə müəyyənləşdirilmiş səngər növbəsindən heç kəs yayınmırdı.
    Könüllülərimiz də vardı: Bakı təcili yardım xəstəxanasının həkimi Rafiq Əliyev, Bakıdan Telman Kərimov (Umudludan olan məşhur Mirzə bəyin nəvəsi), Tərtərdən Rasim Aydın-oğlu). Onlar əsil vətən fədailəri idilər.
    Dağlar qucağındakı tənha bir kəndin (bu kənd mənim nəzərimdə həmişə tənha bir durnaydı) çənnət qucağında azıb qalmış durna. Çox sonradan mən bildim ki, durna qəriblik rəmzidir. İlahi, bu yazdıqlarımdan duyulurmu ki, bu təbiət mənə nə qədər doğmadır və mənim ürəyim onu nə dərəcədə sevir…hər fəsli, behişt meşələrinin hər cığırı, hər ağacı, hər çeşməsi film kimi gözlərimin önündədir. Ürəyimdən keçir ki, dünyamı dəyişəndə məni yandırıb külümü o torpağa səpəydilər və mən ana vətənimə, anam təbiətimə qarışaydım, qovuşaydım. Amin!.
    Ölüm-dirim savaşına qalxaraq qəlbinin hökmüylə kəndin sakinləri isbatlayırdılar ki, Umudlu vətəndir, bu torpaq vətəndir.
    Budur vətənsevərlik. Fədakarlıq olmayan yerdə sevgi yoxdur.
    Kəndin tarixində ən qanlı döyüş 1991-ci ilin dekabrın 19-dan 20-ə keçən gecə oldu. (Ermənilər demişdilər ki, dekabrın 20-də Umudlu adlı kənd olmayacaq). Bu faşistlər ruslarla birləşib kəndə girə bildilər. Lakin dözdük, erməniləri vurub kənddən geri çıxardıq. O gecə Rasim Cəbrayılov (Xətai rayonundan) şəhid oldu. Ayın 20-də harayımıza bir helikopter gəlmişdi, kəndin sağ qalıbqalmadığını bilmək üçün. Gözəl insan, alovlu vətənpərvər, böyük (həm də həqiqi) müəllim Sabir Paşayev də gəlmişdi haraya. Eşitdim ki, helikopterlə qaçan var. Təcili özümü çatdırdım. Dörd nəfər kişi idi helikopterdə, 1 qadın. İki qardaşdan birini düşürdüm, üçü qaldı. Qadın (Fatma xanım Aslanova) ağlaya-ağlaya dedi ki, ermənilər onsuz da bu gecə hamını qıracaqlar, sən də gəl (mənə hayıfı gəlirdi) çıxaq gedək (ermənilər yenə sifariş etmişdilər ki, Umudlu bu dəfə qurtara bilməyəcək).
    Mən qadını sakitləşdirdim, amma tapşırdım ki, bu gecə bizi qırsalar, Osman müəllimə deyərsən ki, (Osman müəllim gözəl aşıq idi və onu kənddən özümüz kənarlaşdırmışdıq, hifz etmək üçün, amma əcəldən qoruya bilmədik) bizim ruhumuza “Yanıq Kərəmi” və “İncəgülü” havalarını çalar…
    Çətin, amma şərəfli günlər idi. Bu, insan şərəfinin, insan şöhrətinin zirvəsi idi. Özümüzü böyük bir qüdrət sahibi hiss edirdik. O anları, o günləri yaşadığımdan içimdə qürur, ləyaqət, ödənilmiş borc rahatlığı hisslərini keçirirəm. Amma o vaxt şəhid olmadığıma acı bir təəssüf hissi də məni bugünədək tərk etmir ki, etmir.
    Fərz edirəm ki, tərbiyə ocağı olan məktəbimiz döyüş meydanında da öz borcunu yerinə yetirdi. O cümlədən üç nəfər şagirdimiz: Aqil Zeynalov, Rüs-təm Axundov, Şahin Qazaqov müdafiənin son gününədək döyüşçülər sırasında oldular (onlar IX və X sinif şagirdləri idilər). Umudlu məktəbi öz kollektiviylə vətənpərvərlik imtahanından üzüağ çıxdı. Bir neçə gün sonra köməyimizə polkovnik Şirin Mirzəyevin könüllüləri gəldi. Bunlar vətən pərvanələri, cəngavərlər idi. Mən Fəxrəddin Rəcəbovun, Füzulinin, Əkbərin, Rasimin simasında Azərbaycan Əsgərini tanıdım və sevdim. Onlarla birgə kəndi daha inamla və inadla müdafiə etdik…
    Vəziyyət get-gedə ağırlaşırdı. Artıq helikopterlər uça bilmirdi. Odur ki, Şirin Mirzəyev Fəxrəddin Rəcəbova (o, komandir idi) camaatı da götürüb Murovdan Kəlbəcərə aşmağı əmr etdi. Biz imtina etdik. Komandir də bizi qoyub getmədi. Fevralın 26-da Xocalı faciəsi baş verdi. Şirin Mirzəyev Eldar Həsənovun (Gəncənin polis rəisi) köməyi ilə Şerbakdan hərbi helikopterlər alıb bizi fevralın 28-də kənddən çıxardı. (O, məlumat almışdı ki, ermənilər Xocalı qətliamını Umudluda təkrar etməyi qərarlaşdırıblar).
    Qarabağın ən gözəl kəndi qurban getdi…
    P.S. Vətən varsa, vətən sevgisi var, vətən eşqi var. Ustadımız demiş: “Heçdir vətənsiz can, Azərbaycan!”
    Səbrimiz nə qədər gen olsa da, vətən eşqi kükrəyib-kükrəyib ümman dalğasıtək şahə qalxır, 1992-ci ildəki kimi.
    Mübariz İbrahimov bu 9-cu dalğanın bir şimşək siqnalıydı.
    Aprel döyüşləri bu dalğanın özüydü…
    Növbəti 9-cu dalğanın qarşısını heç kim kəsə bilməyəcək. Bu dalğa bir zərbəsi ilə işğalda olan bütün torpaqlarımızı hər cür zir-zibildən təmizləyəcək, qədim – qayım Azərbaycan torpaqlarına vahid sərhəd boyda əbədi bir gün işığı düşəcək.
    Alqış o günə!
    P.P.S. Bu qənaətdə idim ki, ölkə üçün ən vacib müəllim və həkim peşələridir. Qarabağ müharibəsi bunun üzərinə birini də əlavə etdirdi: Tarixçi-arxeoloq.
    Belə ki, ermənilər işğaldan sonra kəndimizin adını “Ardaşen” (Zəmi kənd) qoydular. (Burda məntiq də var idi. Kəndimiz barlı bağları, bərəkətli zəmiləriylə məşhur idi).
    Bir müddətdən sonra bu ad “Aknaberd”lə əvəz olundu. Çox baş sındırdıq, bu adın mənasını tapa bilmədik.
    Bir dəfə əlimə bir kitab keçdi (“İstoriçeskie pamyatniki Naqornoqo Karabaxa”, müəllifləri ermənidir). Və öyrəndim ki, Aknaberd qala adıdır. Kəndimizin ərazisində olan bu qala çox yaxşı qalmışdı: Hündür hasarı, gözətçi bürcləri, hamamı, qəbristanlığı, yeraltı yolları, yeraltı gizli su xətləri və s. (uşaq vaxtı o qalada çox “müharibələr” etmişik).
    “Çörək bol olarsa, basılmaz vətən” –deyib şairimiz. Amma bu, kifayət deyil. Basılmamaq, qalib gəlmək üçün hər kəs öz yerində olmalı, öz işini vicdanla, səriştəylə icra etməlidir. Belə olarsa, Vətən gülzar, vətəndaş bəxtəvər olar, ürəyində torpaq eşqi, vətən eşqi.

    Zabil SÜLEYMANOĞLU,
    Umudlu kənd tam orta məktəbinin direktoru

    Müəllif: Redaktor, 10:48

    Teqlər:

İsmarıclar bağlıdır.