Aşıq Ələsgər Göycə mahalının Ağkilsə kəndində təxminən 1821-ci ildə anadan olub. Ailənin böyük uşağı olan Ələsgəri atası Alməmməd kişi Kərbalayı Qurbana köməkçi verir. Bir qədərdən sonra Kərbalayı Qurbanın yeganə övladı Səhnəbanu ilə Ələsgər arasında məhəbbət yaranır. Bu məhəbbətin pozulması ömrü boyu Ələsgər yaradıcılığında öz əksini tapır.
Aşıq Ələsgər çox iti hafizəyə, fit-ri istedada malik olub. Ən nəcib insani kefiyyətləri özündə birləşdirən ustad böyük hörmətlə bir əsrdən artıq ömür sürüb. 1905-ci və 1918-ci illərdə Göycənin ermənilər tərəfindən dağılması mahalda ağır böhran yaradır. Var-dövləti talan edilmiş qoca aşıq isti yuvasından didərgin salınır. Aşıq bu ağır kədəri öz qoşmalarında ifadə edir:
Necə oldu atam, nə oldu anam?
Pozuldu növrağım, dağıldı qalam.
Yığıldı barxanam, yükləndi qaflam,
Bu yurddan o yurda köçürəm bu gün.
Aşıq Ələsgər 1923-cü ildən o vaxtkı Cavanşir qəzasının Yanşaq kəndinə gəlir. Onu da deyim ki, 1934-cü ilə qdər indiki Tərtər Cavanşir qəzası (sərkərdə Cavanşirin adı ilə) adlandırılırdı və Kəlbəcər rayonunun bir hissəsi bu qəzanın tərkibinə daxil idi.
Burada aşıq Yanşaq kəndinin varlı sakini Hüseynalı kişiyə dəyirmançılıq edir. Həmin vaxtlarda qoca aşıq yaradıcılığında da qalmır. Dədə Ələsgər ömrünün sonuna qədər həyatda gödüklərini, xalqın görünməz bəlalarını ümumiləşdirib şeir dili ilə ifadə edir:
Dad sənin əlindən çərxi kəcrəftar,
Ürəyimdə min sağalmaz yaram var.
Aşıq dəyirmancı, ağa carvadar,
Sərraf gəlsin bu bazara dolansın.
Aşığın şəyirdləri daim onu izləmiş, həyatında baş verən bütün hadisələri yaddaşlarına köçürmüşlər. Aşığın “Ad olmaz”, “Pərişan eylər”, “Gərəkdir”, “Yaxşıdır” və başqa fəlsəfi, nəsihətamiz qoşmaları dilə-ağıza düşmüşdür. Böyük sənəkar Cavanşir qəzasında iki il yaşamış, 1925-ci ildə yenidən Göycəyə qayıtmışdır.
Nübar MƏDƏTLİ,
Azadqaraqoyunlu kəndi