MƏZARI OLMAYAN ŞƏHİD
Müharibənin insanlara gətirdiyi ən böyük fəlakətlərdən biri də itkin dərdidir. Belə bir faciə ilə üzləşənlər illər uzunu əzizinin ölümünə inana bilmir, hər addımda, hər an onunla görüşəcəklərini düşünürlər. Rayonumuzun Sarov kəndindən olan Şirinovlar ailəsində də 24 ildən çoxdur oğul yolu gözləyirlər.
Məzahir Şirinov 1968-ci ildə Sarov kəndində doğulmuşdu. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə getmişdi. Orduda olduğu iki il valideynlərinə 20 il qədər uzun gəlmişdi. Qarşıdakı ayrılıqdan xəbəri olmayan ata-ana oğulun qayıtması münasibətilə qurban kəsib paylamışdılar.
Mingəçevir şəhərində texnikuma daxil olanda, yenə də qurban kəsildi. Qonşular Pakizə anaya gözaydınlığı verib deyirdilər: “Gün o gün olsun, Məzahir məktəbi bitirsin, toyunu eləyəsiniz”.
Bu zaman artıq ailənin kiçik oğlu Habil Qarabağ uğrunda döyüşlərə qatılmışdı. Qardaşlar vaxt tapıb görüşəndə, söhbət yalnız bu mövzu ətrafında gedirdi. Məzahiri nə illər uzunu can atdığı təhsil, nə də ailə həyatı maraqlandırırdı. O, qardaşının, digər döyüşçülərin yanında olub bu amansız müharibədə vətən qarşısındakı borcunu yerinə yetirməyə can atırdı.
Əvvəlcə fikrini ata-anasına bildirmədi. Düşünürdü ki, onsuz da Habildən ötrü keçirdikləri nigarançılıq bu yaşlarında onlara öz təsirini göstərir.
1 yanvar 1993-cü ildə Məzahir Şirinov cəbhənin ən qaynar nöqtəsinə–Ağdərəyə yollandı. Bu xəbəri isə valideynlər Şəmistan Əlizamanlının o zaman cəbhənin həmin istiqamətindən çəkdiyi televiziya verilişindən eşitdilər. Əyninə əsgər paltarı geyinib, əlinə silah götürmüş Məzahiri görəndə, onlar hər iki oğul üçün sonsuz qürur hissi keçirdilər.
Evlərinə gəldiyi qısa görüş zamanı Məzahir valideynlərinə bildirdi ki, tezliklə cəbhədən xoş xəbərlər alacaqlar…
Azərbaycan əsgərləri Xankəndinə doğru inamla irəliləyirdilər. İtkilərimiz olsa da, bu, heç kimi ruhdan salmırdı. Məzahir də bütün varlığıyla qələbə üçün çalışırdı.
1993-cü il yanvarın 10-da Cıldıran uğrunda gedən döyüşlər zamanı o, itkin düşdü. Yoldaşları danışırdılar ki, Məzahir həmin döyüşlərdə bir neçə əsgərlə birlikdə şəhid olanları və yaralananları döyüş meydanından çıxarırdı. Axırda ona bildirirlər ki, uşaqlardan biri (deyilənə görə adı Azad imiş) qızdırmanın içində yanır, qalıb o tərəfdə, gəlməyə gücü yoxdur. Məzahir Azadı gətirməyə gedir və bir daha onu görən olmur…
* * *
–İtkin düşdü, gəlmədi, qayıtmadı… Dildə bu kəlmələr asan səslənsə də, həyatda itkinlik dərdini yaşamaq sonu olmayan bir əzabdır,–deyir Məzahirin bacısı Familə xanım.–Bu gün ata-anamın, bacılarımın gözü yoldadır. Qırmızı Xaş Komitəsinə də dəfələrlə müraciət etmişik. Məzahirdən heç bir soraq yoxdur.
* * *
Televiziya ilə İmişli rayonundakı naməlum məzarları və burada dəfn olunanların şəkillərini göstərəndə, Familə xanım da bunlardan birini öz qardaşına oxşatdı və İmişliyə getmək istədi. Ancaq yenə də ümidləri boşa çıxdı. O deyir:
–Vətən uğrunda canından geçən bütün şəhidlər mənim doğmalarımdır. Onların müqəddəs məzarlarını ziyarət etmək bizim hər birimizin borcudur.
Uzun illər qardaş dərdi çəkib sızlayan Familə xanımın taleyinə oğul dərdi də yazıldı. Oğlunu itirən gündən Məzahir hər gün bacısının yuxularına girib ona təsəlli verir. Bacı isə yenə də yol gözləyir…
Svetlana BAĞIROVA