Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyn

    PEŞƏSİ İLƏ FƏXR EDİR

    mirzəMirzə İsmayılovu rayonumuzda tanımayan adam bəlkə də yoxdur. Bunu əminliklə deyirəm. Ona görə ki, 30 ilə yaxın bir vaxt ərzində elektriklə işləyən məişət avadanlıqlarının–ütü, tozsoran, ətçəkən, fen, avtotransformatorların təmir işlərini keyfiyyətlə görür. Iş yeri bazarın qarşısındadır. Onun yanına gətirilən işləməyən cihazları keyfiyyətlə təmir edib sahibinə qaytarır. Buna görə də insanlar arasında böyük hörməti var. Sənətdən söz düşəndə Mirzə deyir ki, mən peşəmlə fəxr edirəm. Çünki həyatda pis peşə, pis sənət yoxdur. Ancaq pis sənətkar var. Elələri var ki, işinə səhlənkar yanaşır, işi başdansovdu görür. Onda bu da istər-istəməz insanlarda narazılıq yaradır. Yetər ki, gördüyün işə ürəkdən yanaşasan, insanların inamını qazanasan. Bax, onda olursan yaxşı sənətkar.
    Mirzə İsmayılov bu peşəyə yiyələnmək üçün Bakıdakı tədris-istehsalat müəssisəsində iki il təhsil alıb. Usta ilə söhbətimizdə öz işindən danışmaqla yanaşı rayonumuzda görülən quruculuq-abadlıq, gözəllik işlərindən də ətraflı söz açdı. Dedi ki, işə gedib-gəldiyimiz Famil Qulami küçəsinə çəkilən gecə işıqlandırması bütün küçə sakinlərinin ürəyincədir. Bunun üçün ölkə Prezidenti İlham Əliyevə və rayon rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk.
    Mirzə İsmayılov işini gözəl bilən yaxşı sənətkar olduğu kimi, həm də nümunəvi ailə başçısıdır. Həyat yoldaşı Elnarə xanımla iki övlad böyüdüblər. Oğlu Fərid Azərbaycan Dövlət Tibb Universitetində, qızı Fidan isə orta tibb işçiləri hazırlayan texnikumda təhsil alır.
    Mirzədən arzularını soruşdum. Dedi:­
    – Gün o gün olsun ki, Qarabağ düyünü qan-qadasız açılsın. Torpaqlarımız sülh yolu ilə qaytarılsın, qaçqın və məcburi köçkün soydaşlarımız öz yurd-yuvalarına qayıtsınlar.
    “Amin” deyib Mirzədən xoş təəssüratla ayrıldım.

    İŞİNƏ GÖRƏ SEVİLİR

    irafailRayonumuzda sadə peşə adamları çoxdur. Bu dəfə onlardan biri–öz səliqəli işi, mehribanlığı ilə seçilən, özü də hamının yaxşı tanıdığı ayaqqabı təmiri ustası Rəfayıl Mayılov haqqında söhbət açacağam. Rəfayıl usta nə az, nə çox, düz 34 ildir ki, bu sənətdə çalışır. Necə deyərlər, ailəsini öz halal əməyi, zəhməti ilə saxlayır.
    Kolxoz bazarı ilə üzbəüz iş yeri həmişə adamla dolu olur. Səbəbini soruşanda dedi ki, yaşından asılı olmayaraq hər hansı bir insana ayaqqabı düzəldəndə çox zaman qiymət danışmıram. Uzun illərdir məni tanıyanlar xasiyyətimi bilir. Bax, elə bu insani keyfiyyətinə görə işlədiyi otaqda adam əlindən yer olmur.
    Mən onunla görüşəndə iş yerində heç bir ustanın istifadə etmədiyi bir “maşın” gördüm. Əlində qadın üçün uzunboğaz çəkmənin sepini tikirdi. Maraqlanıb adını soruşdum: “Zinger” maşınıdır,”–dedi: Gülə-gülə əlavə etdi ki, bu maşınla kişi və qadın ayaqqabılarının qırılmış seplərini tikirəm, özü də bu maşından nə Tərtərdə, nə də Bərdədə heç bir ayaqqabı təmiri ustasında yoxdur. Rəfayılın iş otağında məngənəyə oxşar daha bir iş aləti də gördüm. Soruşanda dedi ki, bu presdi, hər hansı ayaqqabını tikəndən sonra lazım gələndə yapışqan vurub sıxıram. Bu, işimin keyfiyyətli və səliqəli olmasına kömək edir.
    Rəfayıl usta yaxşı sənət adamı olduğu kimi həm də yaxşı ailə baş-çısıdır. Həyat yoldaşı evdar qadın olan Lətafətlə 3 övlad böyüdüblər. 2 qızı, bir oğlu var. Hamısı da ailəlidir. 5 nəvəsi var. Allah saxla-sın!
    Mən Rəfayıl ustanı çoxdan-sovet dönəmindən tanıyıram. Söz düşəndə həmişə deyirdi ki, mən sənətimlə fəxr edirəm. Çünki peşəm sadə olsa da işimə görə hamı məni sevir, xətrimi istəyir. Sonra əlavə etdi: –“Şeyx Nizami əbəs yerə deməyib ki, kamil bir palançı olsa da insan, yaxşıdı yarımçıq papaqçılıqdan… Bəlkə də mənim insanların dediyi kimi yaxşı bir ayaqqabı təmiri ustası kimi püxtələşməyimdə bu misraların böyük köməyi olub. Allah ona rəhmət eləsin”.

    Əvəz Nəsirov  

    Müəllif: Redaktor, 11:29

    Teqlər:

İsmarıclar bağlıdır.