1964-cü il idi. Həyat yoldaşım Məcid Məmmədov Böyük Vətən müharibəsi əlili, həm də müəllim olduğu üçün ona İstisudakı sanatoriyada dincəlmək üçün putyovka vermişdilər. Biz ailəlikcə getdik və sanatoriyanın yaxınlığında alaçıq qurduq. Qonşuluqdakı alaçıqda İmişli rayonundan olan nənə öz məktəbyaşlı nəvəsi ilə qalırdı. Həmin nəvə ilə mənim böyük oğlum Nizaminin arasında bir-iki yaş fərq vardı.
Buna baxmayaraq, yoldaşlıq edir, günlərini bir yerdə keçirirdilər.
Günlərin birində qonşu alaçıqdan səs gəldiyini eşitdim. Bu, Nizaminin dostu Səyyadin səsi idi. O, kömək istəyirdi.
Kiçikyaşlı qızımı yerə qoyub, qonşulara tərəf qaçdım. Səyyadın nənəsi qızdırmanın içində alışıb yanırdı. Uşaq isə nə edəcəyini bilmir, için-için ağlayırdı.
Öz alaçığımza keçib, soyuqdəymə zamanı istifadə olunan bütün vasitələrdən gətirdim. Yaşlı qadına lazımi yardım göstərdim. Bir azdan onun hərarəti düşdü və özünə gəldi. Bu xəbər arana çatanda, nənənin oğlanları gəlib çıxdılar. Hamı bizə təşəkkür edirdi.
Vidalaşma vaxtı çatanda, uşaqları bir-birindən ayra bilmirdik. O zaman nənə də bildirdi ki, bu dostluq ailəvi olmalıdır.
Lakin illər öz işini gördü. Nizami ilə Səyyad uzun müddət görüşmədilər.
Nizami Bakıda universitetdə oxuduğu zaman təsadüf nəticəsində görüşdülər və bu dəfə ayrılmadılar. Oğlum universiteti bitirəndən sonra təyinatla İmişli rayonuna işləməyə getdi.
İstisudakı o alaçıqdan başlanan dostluq bu günə qədər davam edir. Hazırda Səyyad Aran tanınmış siyasətçi və yazıçıdır. Dəfələrlə Tərtərdə cəbhə xəttində olub. Oğlum Nizami Məmmədov isə Bakıdakı 200 saylı məktəbdə baş direktor müavinidir.
Hər ikisinin övladları bu dostluğu davam etdirirlər.
Nübar MƏDƏTLİ,
Azadqaraqoyunlu kəndi