Hörmətli və qəhrəman tərtərlilər! Əziz bacı və qardaşlarım!
Sizi xalqımızın müqəddəs bayramlarından olan Qurban bayramı münasibəti ilə təbrik edir, hər birinizə əmin-amanlıq, ruzi-bərəkət və cansağlığı arzulayıram.
Bildiyiniz kimi, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra ölkəmizdə insanların dini etiqad azadlığı təmin olunur, eyni zamanda İslamın müqəddəs dəyərlərinə böyük qayğı və diqqət göstərilir. Xalq illərlə qoruyub saxladığı, bu günümüzə çatdırdığı əziz adət-ənənələrini, bayramlarını açıq şəkildə qeyd etmək imkanı qazanıb.
İslam bütövlükdə humanizm dinidir. O cümlədən Qurban bayramının keçirilməsində əsas məqsəd insanları bir-birinə daha da yaxınlaşdırmaq, dinimizin müqəddəs şərtlərini xatırlatmaq, xeyriyyəçlik ənənələrini davam etdirməkdir.
Bayram günlərində aztəminatlı ailələri, kimsəsizləri, Vətənin müdafiəsində dayanan əsgərlərimizi, qaçqın və köçkün soydaşlarımızı, qohum və qonşuları yada salmaqla, biz Ulu Tanrıya daha da yaxınlaşırıq.
2017-ci il ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunub. Bu, Azərbaycan tərəfindən təkcə İslam dövlətlərinə deyil, bütün dünyaya birləşmək çağırışıdır. Çünki hal-hazırda Yer kürəsində baş verən xoşagəlməz hadisələrin qarşısını almaq üçün müxtəlif dinlərin, millətlərin nümayəndələrinin birliyi olduqca vacibdir.
Hər il Qurban bayramı rayonumuzda da geniş qeyd olunur. Qurbanlar kəsilib paylanır, tərtərlilər hərbi hissələrdə olub əsgərlərimizlə görüşürlər.
Bu bayram günlərində mən sizləri təbrik etməklə yanaşı, həm də cəbhə bölgəsində qəhrəmanlıq nümunələri göstərdiyinizə görə, idarə və müəssisələrdə, tarlalarda, fermalarda, bir sözlə, hər bir sahədə fədakar əməyinizə görə öz minnətdarlığımı bildirirəm!
Allah kəsilən bütün qurbanları və dualarımızı qəbul etsin! Amin!
-
31Avq
Müəllif: Redaktor, 16:57
Teqlər: Digər