Həyatda bacarıqsız insan olmur. Sadəcə məsələ bundadır ki, hər kəs öz yerini tapa bilə. Yəni məşğul olduğu işi ürəyinin istəyi ilə seçə.
Kəngərli kəndində möcüzəli «yaşıl ada» həyatda bu fikri təsdiqləyən əyani nümunədir. Bura cəmi 0,24 hektar sahəni əhatə edir. Bu kiçik torpaq sahəsində kənd sakini Rəfi Həsənov nələr yaratmayıb?!
Müxtəlif ölkələrdən gətirilmiş həmişəyaşıl ağaclar burada qayğı ilə becərilir, çoxaldılır və satışa çıxarılır. Sahibkar hər ağacın fərdi xüsusiyyətlərinə bələddir. Onun məqsədi yalnız satışdan gəlir əldə etmək deyil, həm də bu gözəlliyi yaymaq, onu yaşatmaqdır.
Azərbaycanın müxtəlif guşələrində Rəfi Həsənovu yaxşı tanıyırlar. Onun becərdiyi «Eldar şamı», «Liandra», «Xan çinar» ağacları, sitrus bitkiləri hazırda çox kənd və qəsəbələri, şəhərləri bəzəyir.
Rayonumuzun yaşıllaşdırılması işlərində də bu bacarıqlı insanın zəhməti var. Yaşadığı Kəngərli kəndinin girəcəyində əkilmək üçün «Eldar şamı» verib. Söhbət zamanı Rəfi Həsənov dedi:
– Bu dünya gör-götür dünyasıdır. Bu gün marağın olduğu bir sahə barədə tele- viziya, İnternet vasitəsilə mü-fəssəl məlumat ala bilərsən. Mən də düşündüm ki, öhdəmdə olan kiçik bir torpaq sahəsindən necə istifadə edə bilərəm ki, həm gəlir gətirsin, həm də işim ürəyimcə olsun. Təbiəti daha da gözəlləşdirməyi qərara aldım.
Sahibkar rayon rəhbərliyinin, yerli kənd icra nümayəndəsinin bu işdə daim onu dəstəklədiklərini söylədi. Bütövlükdə hal-hazırda Azərbaycanda sahibkarlara diqqət və qayğı ilə yanaşıldığını bildirdi.
Svetlana bagirova