Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Avq

    DSC_7516Ötən ayın son günləri idi. Mərkəzi qəzetlərin səhifələrində bir qrup dövlət qulluqçusunun mükafatlandırılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı dərc olunmuşdur. Sərəncamla həmyerlimiz Musayev İlqar Xosrov oğlu da “Tərəqqi” medalına layiq görülmüşdür. Məlumatı oxuduğum andan çox keçməmiş redaktor yaradıcı kollektivi yanına çağırıb həmyerlimizin dövlət mükafatı almasını bildirdi və onun haqqında məqalə yazılması tapşırığını verdi. Sanki redaktor fikrimdən xəbər tutmuşdu.
    –O mənim iş yoldaşım olub,–dedim.
    –Elə isə İlqar Musayev haqqında yaxşı bir yazı hazırlayın, bunu sizə tapşırıram,–dedi.
    İş otağına qayıdıb rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışan İlqar Musayevlə telefon əlaqəsi saxlayıb, redaktorun fikrini bildirdim. Görüşüb söhbət edəcəyimiz vaxtı müəyyənləşdirdik.
    İş həftəsinin ilk günü idi. İlqar Musayevlə redaksiyada görüşdük. Onu aldığı mükafat münasibəti ilə təbrik etdim. Söhbətə başladıq. Xəyalımda bir vaxt iş yoldaşım olan gənc İlqarla qarşımdakı bu müdrik insanı müqayisə etdim. İllər onu çox dəyişdirmişdi…
    Bu gün “Tərəqqi” medalına layiq görülmüş İlqar Musayevin keçdiyi həyat yoluna nəzər salaq.
    1958-ci ildə Tərtər rayonunun Qarağacı kəndində sadə bir kolxozçu ailəsində doğulub. Ailədə beş övladın böyüyü olub. İlqar 8-ci sinfi kənd məktəbində bitirdikdən sonra şəhər 2 saylı tam orta məktəbdə oxuyub, 1975-ci ildə oranı bitirib. Əmək fəaliyyətinə kolxozçu kimi başlayıb. 1977-79-cu illərdə Riqa şəhərində hərbi xidmətdə olub. Xidmətini başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Kənd təsərrüfatının mexanikləşdirilməsi” fakültəsinə qəbul olunub. 1986-cı ildə institutu mühəndis-mexanik kimi başa vuraraq təyinatla Qaradağlı 183 nömrəli texniki peşə məktəbinə göndərilib və ixtisasfənn müəllimi kimi fəaliyyətə başlayıb. Elə ilk tədris ilində Azərbaycan televiziyası tərəfindən həmin məktəbdə şagirdlərin peşə təhsili ilə əlaqədar çəkiliş aparılır. Bu çəkilişdən sonra gənc bir mütəxəssis kimi rayon ictimaiyyətinin diqqətini cəlb edir. 1987-ci ilin avqust ayında onu Rayon XDS İcraiyyə Komitəsində mülki müdafiə qərargahının rəisi vəzifəsinə təyin edirlər. Bu etimad İlqar Musayevin işinə olan mə-suliyyətini daha da artırır.
    Bu illərdə ölkədə yaranan gərginliklər hər yerdə özünü büruzə verirdi. Bir tərəfdən nankor qonşularımızın törətdikləri təxribatlar, digər tərəfdən struktur dəyişiklikləri zamanı insanlar arasında yaranan çaşqınlıq hər kəsi narahat edirdi. Elə İlqar Musayevin də rayon icraiyyə komitəsində tutduğu vəzifə 1992-ci ildə rayon icra hakimiyyətinin tabeliyinə verildi. Sonralar həmin vəzifə ixtisar olduğundan 2011-ci ilin oktyabrından rayon icra hakimiyyətində ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə, həm də Fövqəladə hallar komissiyasına sədr müavini təyin edildi. Onsuz da özünə qarşı tələbkar olan bir insan kimi İlqar Musayev gündən-günə işində yeni-yeni uğurlara nail olurdu.
    Qarabağ savaşının tüğyan etdiyi zamanlar o da bir vətənpərvər kimi gah hərbi hissələrə gedir, gah da arxada aparılan işlərdə fəallıq göstərirdi. Atəşkəs müqaviləsinin bağlandığı vaxtdan bu günə qədər rayon ərazisinin minalardan təmizlənməsində İlqar Musayevin böyük zəhməti vardır. ATƏT nümayəndələrinin rayona səfərləri zamanı, brifinq və monitorinqlər keçirilməsində birbaşa səlahiyyətli nümayəndə kimi İlqar Musayevin əməyi təqdirəlayiqdir.
    Ümumiyyətlə, İlqar Musayevin işi təkcə otaq şəraiti ilə məhdudlaşıb qalmır. Onu daim camaat arasında görmək olur. Müharibə şəraiti olan bir rayonda insanlarla ətraflı söhbət apararaq, təhlükəli vəziyyətlərdən çıxmaq haqqında onlara məsləhətlər verir. Gənclər arasında hərbi vətənpərvərlik hisslərinin artırılması məqsədi ilə ümumtəhsil məktəblərində hərbi idman oyunlarının keçirilməsini təşkil edir.
    İlqar Musayev özü və gördüyü işlər haqqında çox danışmağı xoşlamır. Söhbət zamanı dedi ki, gördüyüm işlər mənim vəzifə borcumdur. Hər kəs olsa o da belə işləyər. Layiq görüldüyüm mükafat isə mənim 30 illik zəhmətimə ölkə rəhbəri tərəfindən verilən ən böyük qiymətdir. Bunun üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Bu mükafat mənim daha yaxşı işləməyimə bir stimul olacaqdır.
    İlqar Musayevin ailəsində də dövlətə və dövlətçiliyə sadiqlik ön planda dayanır. Onun ailəsində 1 oğul və 2 qızını məhz bu ruhda tərbiyələndiriblər. 1 qızı ailəlidir, Məhəmməd adında nəvəsi var. Övladları Nail və Nigar isə Bakı şəhərində universitetlərdə təhsil alırlar. Bütün bunlar 60 ilə yaxın bir ömrün mənalı və layiqli olmasından xəbər verir.

    Elfuzə VƏLİYEVA

    Müəllif: Redaktor, 12:10

    Teqlər:

İsmarıclar bağlıdır.