Baş redaktor Tofiq Yusif.“Yeni Tərtəri” öz övladı qədər sevir.Həm də “Yeni Tərtər”lə Tofiq Yusifi ən etibarlı dostlar hesab etmək olar. Qəzetin yaşaması üçün bəzən istəmədiyi adamlardan belə xahiş edir. Dizaynını heç kəsə etibar etmir.Əsəbi adamdır. Lakin bu, anidir, ötərgidir. Əslində hər bir əməkdaşı ürəkdən sevir, onlara böyük hörmət və qayğı bəsləyir. Vay o günə ki, kimsə kənar bir şəxs qəzetin hər hansı işçisi haqqında xoşagəlməz söz desin, onda bütün varlığıyla “üsyan”a qalxır.Hər bir işçinin dərdi-səriynən ayrıca maraqlanır, imkanı daxilində köməklik göstərir.İlk baxışdan sərt görünsə də, çox kövrək, həssas və səmimi bir şair ürəyi var.
Qələminə isə söz ola bilməz. Satirik yazıları dipçəkdə bitən bibər kimi zəhər-zəqqum, publisist yazıları isə maraqlı və oxunaqlıdır… Bunlara görə də qələmi ona böyük hörmət qazandırıb.
Baş redaktorun müavini Svetlana Bağırova.Onun da təhsilinə, savadına, hörmətinə söz ola bilməz. Jurnalistlik fəaliyyətinə görə aldığı diplomları, təşəkkürnamələri bir yerə yığsan, masaya yerləşməz. Baş redaktor yalnız onun yazılarına etibar edir. Tofiq Yusifin yanına bir yazı aparanda ilk sualı belə olur: “Svetlana oxuyubmu?”.
O, Tərtərin ilk qadın jurnalistidir. Kimin baş redaktora deməyə çəkin-diyi sözü olanda, Svetlana xanıma deyir, o isə, əlbəttə, əksərən bu məsələni həll edir.
Baş redaktor, demək olar ki, bütün yazıları Svetlana Bağırova ilə birlikdə oxuyur.
Redaksiya Svetlana xanım üçün ikinci ailədir. Deyir ki, mən öz ömrümü bu qəzetsiz təsəvvür edə bilmirəm.
Yubileyində seçmə yazılardan ibarət kitabını nəşr etdirməyə hazırlaşır. 49 illik iş yoldaşı olan müxbir Əvəz Nəsirovun: “Nə yaxşı ki, görüşdük!” –sözlərini eşitməyəndə darıxır.
Müxbir Əvəz Nəsirov.Həmkarlarının hamısından çox tanınan, hətta bəzi adamların redaktor sandığı bu insan hər kəsi xoş sözlə dindirməyi sevir. Özü dediyi kimi, saat beşdə yuxudan qalxıb təsərrüfat işləri ilə məşğul olur, “3 ton yarımlıq maşın”ı ilə yola çıxır, ya yolda qalır, ya da hamıdan tez redaksiyanın qarşısına çatır.
50 ildir yazır və hər şeydən yazır. Ona görə də kişi “yazıçı” olub. Amma… Hələ bir şeyi aydınlaşdıra bilməmişik.. Niyə bəzi yazılarının altından “Əvəz Nəsirov” imzasını qoyur, bəzilərinkində isə “Mirzə Nəsir”?
Yaxşı fakt toplayandır. Quru bir daşın üstünə göndər, sənə bir qucaq fakt gətirsin.
Maşallah, əlindən hər iş gəlir. Bir tayfanın bütün tapşırıqlarını təkbaşına yerinə yetirir.
Fotomüxbir Kənan Hüseynzadə.Hamının yanında xətir-hörməti var.Gah tədbirlərə gedər, gah yaxşı işləməyən avadanlıqlara baxar, gah da hansı iş olsa özünü ona çatdırar. Bütün günü nəynənsə məşğul olar. 10 ildir şəkil çəkir. Əksərən adamların ya yannan, ya da arxadan fotosunu çəkir.Rayonda hamı Kənanı tanıyır. Demək olar ki, əlaqəsi olmadığı adam yoxdur. Hətta respublikada hansı yeniliklər baş verir, birinci Kənan bilir. Yaxşı informasiya daşıyıcısıdır.
Mühasib Bəxtilə Əliyeva ali təhsillidir, özünə və başqalarına qarşı tələbkardır, işini
qanunlara uyğun həll etməyi bacarır, redaksiyanın qəpiyinin qədrini bilir, münasibətdə mehriban və qayğıkeş bir xanımdır. Ailə onun üçün müqəddəsdir, fikri-zikri övladlarının yanındadır. Ciddidir, prinsipialdır
.Baş redaktorun köməkçisi Nigar Əmrahova.Baş redaktorun tapşırıqlarını nə qədər vaxtında yerinə yetirməyə çalışsa da, yenə də danlağa tuş gəlir. Mömin olduğu üçün daim Allah xofu ilə yaşayır, ədəb-ərkanına da həmişə diqqət yetirir. Qəlb qırmaqdan, xətrə dəyməkdən çox-çox uzaqdır. Amma… Çox arxayın bəndədir. Bəzən bu astagəlliyi baş redaktorun başını xarab edir. Buna baxmayaraq, baş redaktor qəzetin elektron saytını yalnız ona etibar edir.
Kompüterçi Şəhanə İsmayıllı.Təkcə kompüterdə yazı yazmaqla, səhifələri qurmaqla kifayətlənmir, həm də qəzetin nəşriyyata göndərilməsində cavabdehlik daşıyır. Qəzetin dizaynı üçün bəzi təkliflər verir və bəzən nəticəsi də gözəl alınır. Bunu bir neçə dəfə baş redaktor da təsdiqləyib. Amma… Şəhanədə bəzi kaprizlər var, hərdən uşaq kimi ərkəsöyünlük edir və iddialı davranır.
Kompüterçi Aysel Hüseynova.Hamıdan kiçikdir, yəni redaksiyamızın sonbeşiyidir. Buna baxmayaraq, öz işini yaxşı bacarır, tərbiyəlidir. Böyük-kiçiyin yerin bildiyinə görə kollektivdə hamının sevimlisidir. Hərdən anasının bişirdiyi mürəbbələrdən gətirər, özü dəmlədiyi ətirli çayla birlikdə hamını qonaq edər. Hətta bəzən xadimənin diqqətindən yayınmış yerlərin tozunu alar ki, təmizlik olsun. Həm də çox gözəl xətti var.Kollektivin hər bir üzvündən az-çox söz açdım. İstəyirəm bir az da özüm-özümdən yazım. Mən qəzetin korrektoru Elfuzə Vəliyevayam. Hansı səbəbdənsə işə gəlməyəndə baş redaktorun söyləməsinə görə,yerim görünür. İşdə olan zaman çalışıram ki, məsuliyyətli olum. Söz götürə bilmədiyim üçün qəzetin çapa hazırlanmasında və mənə tapşırılan bütün işlərin yerinə yetirilməsində nöqsanayol verməyim. Lakin bəzən istəmədən belə vəziyyətlə qarşılaşıram… Deyilənə görə redaksiyada çox iş görürəm. Deyəsən, qələmim də pis deyil. Amma baş redaktor cümlələrimi qayçılamasa, daha yaxşı olar. Təvazökarlıqdan uzaq olmasın, bir çox yazıma görə redaksiyaya ya minnətdarlıq zəngləri gəlir, ya da şirniyyat.
Xasiyyətimin yaxşı, ya pis olmasını deyə bilmərəm. Amma bilirəm ki, mənim həyata baxışım fərqlidir. Hər nəyəmsə, buyam.
Qələmə aldı: Elfuzə Vəliyeva