“Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Tərtər rayonunda aparılan tikinti-abadlıq və quruculuq işləri 2017-ci ilin birinci yarısında uğurla davam etdirilib. Bu dövrdə 57 milyon 545,5 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 3 milyon 988,1 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Bu barədə Tərtər rayonunda 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, ilin altı ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib.
Birinci yarımildə Tərtər şəhərinin prospekt və küçələrinə 7,3 kilometr asfalt-beton, Kovdadıq-Rəcəbbəyli avtomobil yolunda 1,5 kilometr, Təzəkənd avtomobil yolunda 2 kilometr çınqıl örtük salınıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 5 fərdi yaşayış evi, həmçinin Şıxarx qəsəbəsində, Həsənqaya və Çaylı kəndlərində məskunlaşmış 78 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evləri inşa edilib. İncə çayı üzərində qəzalı vəziyyətdə olan körpünün tikintisi və Seydimli kənd tam orta məktəbində əsaslı təmir işləri başa çatdırılıb. Prezident İlham Əliyevin Sərəncamına əsasən Tərtər şəhərində çoxmənzilli yaşayış binalarının təmirinə başlanılıb. Ekoloji tarazlığın qorunması məqsədilə yol kənarlarına və rayonun yaşayış məntəqələrində 16 mindən çox müxtəlif növ ağaclar və 4 mindən çox gül kolları əkilib. Hazırda Tərtər çayı sahilində 5 hektar ərazidə yeni park salınır, 1176 məcburi köçkün ailəsi üçün yaşayış məhəlləsinin, Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi davam etdirilir. Tikintisi başa çatmış Tarix-diyarşünaslıq muzeyində daxili dizayn və tərtibat işləri aparılır.
Diqqətə çatdırılıb ki, ilin 6 ayında rayonda ümumi məhsul buraxılışının həcmi 127 milyon 544,3 min manat olub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 77,4 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 66 milyon 158,1 min manat investisiya yönəldilib. 959-u daimi olmaqla, 2836 yeni iş yeri açılıb.
Yığıncaqda qeyd olunub ki, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. İlin birinci yarısında kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 faiz artaraq, 38 milyon 420 min manat təşkil edib. Onun 23 milyon 902 min manatı bitkiçilik, 14 milyon 518 min manatı heyvandarlıq sahəsinin payına düşür.
Cari ilin məhsulu üçün 26 min 34 hektar sahədə kənd təsərrüfatı bitkiləri, o cümlədən 9 min 843 hektarda dənli və dənli paxlalı, 6 min 316 hektarda texniki, 1 min 581 hektarda kartof, tərəvəz və bostan, 8 min 294 hektarda yem bitkiləri əkilib. 34 min 579,6 ton taxıl, 171 ton dən üçün qarğıdalı, 3 min 462 ton kartof, 7 min 664 ton tərəvəz, 1624 ton meyvə, həmçinin 4 min 610 kiloqram barama tədarük edilib.
Cari ildə texniki bitkilərin əkini əvvəlki ilə nisbətən 2 dəfə artmışdır. 3123 hektar sahədə pambıq, 1541 hektar sahədə şəkər çuğunduru, 1637,4 hektar sahədə günəbaxan əkilmişdir. 2016-cı ilə nisbətən pambıq əkini 3 dəfə, şəkər çuğunduru əkini 29,8 faiz, günəbaxan əkini 78,4 faiz artmışdır.
Ölkə başçısının tapşırığına əsasən rayonda ənənəvi əkin sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi üçün ardıcıl iş aparılmış, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əlverişli torpaq sahələri müəyyənləşdirilmiş, sahələrin şumlanması, toxumla təchiz olunması və suvarılması üçün zəruri tədbirlər görülmüşdür. Hazırda pambıq sahə-lərində becərmə işləri sürətlə və keyfiyyətlə həyata keçirilir. Sahələrdən bol məhsul götürülməsi üçün aqrotexniki qaydalara ciddi əməl olunur.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən ətraflı bəhs edilib.
Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
-
10Avq
Müəllif: Redaktor, 12:21
Teqlər: Tərtər RİH-də