MƏZAHİR DAŞQIN
Ana, sən yatdığın qara torpaqda,
Saysız cavan yatır, ixtiyar yatır.
Qapısız, aynasız zülmət otaqda,
Minlərlə sən kimi vəfadar yatır.
***
Gör nələr yazılıb hər baş daşına,
Canlar həsrət qalıb can sirdaşına.
Düşərək hicrana, eşq atəşinə
Min arzu, min dilək, min ilqar yatır.
***
Görməyib əsirlər, qərinələr də
Cahandan köçənlər qayıda bir də.
Kim bilir bəlkə də yatdığın yerdə,
Dünyanı bəzəyən min memar yatır.
***
Hər ömür baharın bir xəzan çalmış,
Yaxşılıq, yamanlıq yadigar qalmış.
Elin aşiqi də sükuta dalmış,
Kaman laylasına bəstəkar yatır.
***
Düşünən beyinlər, zəkalı başlar,
Başacan dünyadan kam almamışlar.
Çırpınan ürəyə axmazmı yaşlar
Kül olmuş sevgilər hər nə var yatır.
***
Ana, sən yaratdın can səltənətini,
Məxluq yaradanı unudar çətin!
Belədir qanunu bu təbiətin,
Məzlumla yanaşı zülümkar yatır.
***
Bax, burda qonşudur ölən, öldürən,
Aglayan, agladan; gülən, güldürən.
Süleyman mülkünü bölən, böldürən
Sərkərdələr yatır, hökmdar yatır.
***
Sən mənim həyatım, şanım, şöhrətim,
Ağ saçlı vaxtımda olmuşam yetim!
Sənin məzarında mənəviyyatım,
Eşqim, məhəbbətim, hər nə var yatır.
***
Ana, səndən ayrı Daşqının inlər,
Onu bir insan yox, quşlar da dinlər.
Hər gün də deyəcək obalar, ellər,
Burda şair yatır, sənətkar yatır.
BÜLBÜL
Lal gecənin dilsiz çağı,
Gəl dərdimə qal, ay bülbül.
Dözülməzdir hicran dağı,
Sən könlümü al, ay bülbül.
***
Gül-gül deyib çəkmə ünü,
Qəm bürüyər yer üzünü.
Xəyal kimi keçən günü
Az yadına sal, ay bülbül.
***
Qəmli dastan bağlamaqdan,
Dağı daşı dağlamaqdan,
Vətən deyib ağlamaqdan
Saçım olub çal, ay bülbül.
***
Nəğmə qoşdum yar eşqinə,
Sədaqət, ilqar eşqinə,
Sən də bir bahar eşqinə
Al sazını çal, ay bülbül.
***
Mən Daşqınam, bu zilləti
Verib hicran qiyaməti.
Canımda Vətən həsrəti
Qoymayıbdır hal, ay bülbül.