MƏMMƏD İSMAYIL
Ölümə gedərsən yol yora-yora,
Gedərsən, peşinə yüz fikir düşər.
Atsan, balıq düşməz atdığın tora,
Tutduğun zərə də iki-bir düşər…
Nə səbr gərəkmiş, nə də tək səbir,
Sən gedən yolları gedər ilan da…
Əlidolu da bir, əliboş da bir,
Aldadan da birdi, aldadılan da.
Bütün sualların cavabı birdi,
Yatmaq istəsən də yuxuna girməz.
Bəlkə söz sarıdan bəxtin gətirdi,
Varsan, var sarıdan əlin gətirməz…
Yoxsa bəxt verənin dəlikmiş cibi.
Sənə dərd verilib, filankəsə var?
Baxarsan, nə əl var, nə əl sahibi,
Amma ki, gözünü tutan nəsə var.
Tələsmə, təndirə düşər tələsən,
Qəlbi qaraların üzü ağ olmaz.
Başın açılmır ki, dərddən, biləsən
Dünyanın işindən baş açmaq olmaz.
Qazancı kül olar ocaq yerinin,
Könlü ocaqların gözü yaş olar.
Bəxti yüyrək olar niyə birinin,
Başqa birisinin bəxti daş olar?
Göylərin gözündə hansı şanslıdı, –
Tökülən yarpaqmı, qalan budaqmı?
Yaşayan hansıdı, ölən hansıdı, –
Yaşayan insanmı, yaşanan vaxtmı?